22 Sentyabr 14:42
4 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada apardığı müharibə ilə yanaşı, strateji tərəfdaşı Çinlə birgə hərbi təlimləri də axsatmır. İki dövlətin dəniz qüvvələrinin Sakit okeanda birgə hərbi təlimləri başlayıb. Rusiya və Çinin döyüş gəmiləri Vladivostokdan dənizə çıxıblar. Rusiya və Çinin dəniz qüvvələrinin artan hərbi təlimləri ABŞ-ın Hind-Sakit Okean bölgəsində artan fəallığına cavab kimi qiymətləndirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Pekinin tələblərinə baxmayaraq, ABŞ Filippində yerləşdirdiyi ortamənzilli raket sistemini geri çəkmək istəmir:

"Bu sistemlərin regional münaqişədə istifadəsinin mümkünlüyünü sınaqdan keçirilir. Söhbət ABŞ ordusuna məxsus SM-6 raketləri və 1600 km mənzilli “Tomahawks” raketlərini buraxa bilən “Typhon” sistemindən gedir. Çin hədəflərini vura biləcək "Typhon" bu ilin əvvəlində birgə təlimlər üçün gətirilib, ancaq sonra geri qaytarılmayıb.

Çin və Rusiya Vaşinqtonu silahlanma yarışını qızışdırmaqda ittiham edərək, sistemin Hind-Sakit Okean hövzəsində yerləşdirilməsini pisləyib. Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-ın raket sistemlərini yerində saxlamaq planından narahatdırlar. "Bu, regional ölkələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir və geosiyasi qarşıdurmanı gücləndirir", - nazirliyin sözçüsü Lin Jian deyib.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian da Manila və Vaşinqtonun bölgədə böyük müharibə riski yaratdığını söyləyib. Filippin xarici işlər naziri Enrike Manalo çinli həmkarını ölkəsində raket sisteminin mövcudluğunun Çin üçün heç bir təhlükə yaratmayacağı və regionda sabitliyi pozmayacağına əmin etməyə çalışsa da, Pekin buna inanmır.

Son aylar Çin və Filippin gəmiləri bir-birlərinə çox yaxınlaşıb, bu, iki ölkə arasında toqquşma riskini artırıb. Ölkə rəsmiləri Filippin və ABŞ qüvvələrinin Cənubi Çin dənizinə baxan və Tayvan boğazına yaxın olan Luzon adasının şimalında raket sistemləri ilə məşq etməyə davam etdiklərini bildiriblər. Halbuki birgə təlimlər başa çatıb. Buna baxmayaraq, Filippin ordusunun sözçüsü Luye Demala vurğulayıb ki, raketlərin bölgədə nə qədər qalacağına qərar vermək Filippinin daxili işidir".

Mərkəzin ekspertlərinin fikrincə, raketlərin geri qaytarılmasının əleyhinə olan Filippin bununla Çini çəkindirmək siyasətinə üstünlük verir:

"ABŞ Hind-Sakit Okean bölgəsində müttəfiqlərinin hərbi gücünü artırır. Filippin Çinlə qarşıdurma istəmir. Manila və Pekin Cənubi Çin dənizində mübahisələrin necə idarə olunmasına dair bir sıra müzakirələr aparıb. Ancaq nəticə yoxdur".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər