Keçən il söz vermişdim: həm qarşıdakı prezident və ya parlament seçkisində rəhbəri olduğum Respublikaçı Alternativ partiyasına uğur qazandıra bilməsəm, həm də özüm seçki dairəsini uduzsam, publik siyasətdən çəkiləcəm.
Teleqaf.com xəbər verir ki, bunu ReAL Partiyasının sabiq sədri İlqar Məmmədov deyib.
O, siyasətdən getdiyini açıqlayıb :"Bu ilin fevral prezident seçkisində namizəd irəli sürmək haqqında partiyamız yekdil qərara gələ bilmədi. Seçki erkən keçdiyinə görə ölkəmizin böyük hərbi qələbəsi hələ də bütün digər mövzuları kölgədə qoyurdu. Yarış fürsəti aydın görünmürdü. Ölkəmizin müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim".
O bildirib ki, 1998-ci ildən başlayan siyasi fəaliyyəti dövründə altı dəfə parlament, iki dəfə prezident seçkisi keçirilib:
"2005 – səsverməni həqiqətən uduzdum. 2010 – çox güman uddum, amma saxtakarlıq baş alıb getmişdi. Nəhayət, bu il 2024-də xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də “yox” qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və, söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram.
Tamamən öz məsuliyyətimdir ki, uzun mübarizədə sərf etdiyim əməyə baxmayaraq, əhalinin böyük əksəriyyəti seçkiyə gəlməməklə indiki sistemdən öz razılığını ifadə edir".
İlqar Məmmədov həm də indiyədək keçdiyi siyasiyi yol ilə fəxr etdiyini vurğulayıb.