15:43
281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda qələbə planını təqdim etməyə hazırlaşır. ABŞ artıq planın bəzi ümumi konturlarını oxuduğunu və onu praktiki hesab etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bunu "The Times"ın analitiki Mark Qaleotti deyib.

Onun sözlərinə görə, Kiyev və Qərbdə qələbəyə dair baxışlar fərqlidir, müttəfiqlərinin Ukraynanın rusları öz ərazilərindən sıxışdırıb çıxara biləcəyinə inanıb-inanmadığı bəlli deyil.

Qaleottinin fikrincə, Qərbdə Zelenskinin planının məqsədlərindən birinin müttəfiqlərin dəstəyini saxlamaq olduğuna inanırlar.

Bir alman diplomat Qaleotti ilə söhbətində söyləyib: “Bunun ruslar üzərində qələbə qazandıracağını bilmirəm, amma yəqin ki, ilk növbədə, bizi dəstəkləməyə davam etməyə məcbur etmək üçün nəzərdə tutulub”.

Qaleotti hesab edir ki, Qərbdə nəzərəçarpacaq dərəcədə Ukrayna yorğunluğu var və ədalətsiz sülhün bərqərar edilməsi mənasına gəlsə belə, münaqişəyə son qoymağın vaxtının çatdığı hissi artır. Həmçinin analitik qeyd edib ki, Qərbdə müharibənin necə bitməsi ilə bağlı vahid fikir yoxdur.

"Qərb bu ziddiyyətləri həll etmək əvəzinə, Ukraynanın qərarı özü verməli olduğu boş düşüncəyə qapılıb. Bu münaqişənin necə bitəcəyi ilə bağlı fikir ayrılıqlarını birbaşa həll etmək istəməyən Qərb bir neçə əsas dilemma üzərində razılığa gələ bilmir", - Qaleotti vurğulayıb.

Ekspert əlavə edib ki, ən etibarlı müttəfiqləri də Kiyevin bütün işğal olunmuş əraziləri hərbi yolla geri qaytara biləcəyinə şübhə ilə baxırlar:

“Hətta Polşada mənə etiraf etdilər ki, sərhədlər dəyişə bilər, indi əsl mübarizə gələcəkdə Ukraynanın sərhədlərinin mümkün qədər az dəyişməsini təmin etməkdir”.

Mümkün ssenarilərə gəlincə, Qaleottinin iddiasına görə, bunun xoşagəlməz nəticəsi ondan ibarətdir ki, Ukrayna hər hansı ərazi itkilərini tanımaqdan imtina etməyə davam edərsə, münaqişə əbədi müharibəyə çevriləcək:

"Müəyyən bir nöqtədən sonra tükənmə başlayacaq və hərbi münaqişə amansız döyüşlər və müvəqqəti barışıqlar arasında gedəcək, amma bitməyəcək".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər