5 Noyabr 14:32
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən 50-yə yaxın plastik cərrahla bağlı araşdırma aparıb və tədbirlər görüb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, mərkəz plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görüb: “Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib”.

Rəsmi məlumatda bildirilib ki, siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədi ilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb:

“Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək.

Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” (596 05 20) nömrəsinə, www.pharma.az saytının "Müraciət" bölməsinə və ya [email protected] elektron ünvanına bildirsinlər”.

Qeyd edək ki, rüşvət müqabilində ixtisasını dəyişərək plastik cərrahiyə ilə məşğul olan həkimlərin siyahısını ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova paylaşıb. Onun iddiasına görə bəzi həkimlər Səhiyyə Nazirliyinə 30 min manat pul verərək ixtisaslarını dəyişiblər. Hazırda plastik cərrah kimi işləyirlər. Qənirə Ataşovanın iddiasına görə, 49 nəfərin adının olduğu siyahının sonunda Səhiyyə Nazirliyinin müavini İlqar Qasımov və Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın imzası var.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər