7 Noyabr 20:09
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.

Universitetdən Teleqraf.com-a bildirilib ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Zəfər Gününün gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürdüyünü vurğulayıb. Rektor diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu şanlı Qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə edib:

“Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı Qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsi birdəfəlik həllini tapdı. Dövlətimizin başçısı tərəfindən 21 il öncə müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi”.

Rektor diqqətə çatdırıb ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı: “Rəşadətli Azərbaycan Ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabrın 8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə qəhrəman Ordumuz düşməni böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz bərpa olundu, əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli bayrağımız əbədi ucaldıldı. Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyini göstərdi. 44 gün ərzində informasiya cəbhəsində də mübarizə aparan Prezidentimiz xalqımızın haqlı mövqeyni bütün dünyaya çatdırmağa nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, “Bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir”.

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Türkiyə və Azərbaycan ərazi bütövlüyü uğrunda oxşar mücadilə aparıb, şəhidlər verib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib və bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirəsinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Vətən müharibəsi şəhidi, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Ataməli Musaoğlunun anası Leyla Musayeva, şəhid polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı, BDU-nun Filologiya fakültəsinin ikinci kurs tələbəsi Nigar Ağamalıyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxışlarında şəhidlərimizin döyüş yolundan bəhs edib, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildiriblər. Çıxışçılar gəncləri Vətən uğrunda vuruşan, şəhid olan qəhrəmanlardan öyrənməyə, onların ənənələrini yaşatmağa çağırıblar.

Sonra bəstəkar Eyvaz Həşimovun rəhbərliyi altında “Hicaz” qrupunun çıxışı olub.

Sonda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşlarının hazırladıqları bədii proqram təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər