10:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov noyabrın 23-24-də Misirin Delta Elm və Texnologiya Universitetində keçirilən II Beynəlxalq Mühəndislik Tədqiqat və İnnovasiya Konfransında (DU-IECRI 2024) iştirak edib.

Teleqraf.com xəbər verir ki, konfrans davamlı inkişaf strategiyası və Misir 2030 Vizyonu çərçivəsində mühəndislik sahəsində aparıcı tədqiqat və innovasiyaların təqdimatına həsr olunub. Tədbir akademik dairələri, tədqiqatçıları və texnoloji mühəndislik sahəsinin professional nümayəndələrini bir araya gətirən mühüm elmi platformadır.

Dosent Vazeh Əskərov konfransda çıxışı zamanı müasir sənayenin tələbələrinə cavab vermək üçün mühəndis təhsilinin elm və innovasiyalara əsaslanmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, konfransda çıxışı zamanı bu günlərdə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) toxunaraq gələcəyin mühəndislərinin “yaşıl texnologiyalara” dərindən bələd olan kadrlar kimi yetişdirilməsinin önəmini vurğulayıb.

DU-IECRI 2024 müasir mühəndislik tətbiqlərinə və real dünya problemlərinə fokuslanmaqla, innovativ tədqiqat layihələrinin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfrans iştirakçıları texnoloji inkişafın aktual istiqamətləri və gələcək perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, cari il 26 aprel tarixində Delta Elm və Texnologiya Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki təhsil müəssisəsi arasında strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə yönəldilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər