21:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazılarımızın birində Türkiyədə ruhi xəstəxanada yaşamış əslən Azərbaycanın Ordubad şəhərindən olan şair Rəsul Azəri haqqında məlumat vermiş, onun bir neçə şeirini təqdim etmişdik. Ankarada nəşr olunan “Azərbaycan” jurnalının 1982-ci ildə işıq üzü görən 240-cı sayında ruhi xəstəxanadakı otağında alınan müsahibədən başqa onun haqqında heç bir məlumat tapa bilməmişdik. Amma bu yaxınlarda Türkiyənin “Vatan” qəzetinin 1955-ci ildə çıxan saylarını tədqiq edərkən şairin daha bir şeirinə rast gəldik.

Bu şeiri o, İstanbulun məşhur Qapalıçarşısının yanması ilə bağlı olaraq xəstəxanadan qəzetin ünvanına göndərib. Demək ki, şair hələ 1955-ci ildən ruhi xəstəxanada yaşayırmış. Qəzet məqaləni “Bir ruhi xəstə Qapalıçarşı üçün dastan yazdı” başlığı ilə verib.

Qapalı çarşı niyə yandı?

Bəzi bölümlərinin Bizans dövründən qalma olduğu hesab edilən Qapalıçarşı 1461-ci ildə Fateh Sultan Məhəmmədin zamanında inşa edilib. Tarixi boyunca müxtəlif yanğınlara məruz qalıb. 1546, 1618, 1652, 1660, 1695, 1701-ci illərdə irili-xırdalı yanğınlar olub.

XX əsrdə böyük yanğınlardan biri 10 sentyabr 1943-cü ildə baş verib. Bu yanğından 11 il sonra - 26 noyabr 1954-cü ildə baş verən yanğın Qapalıçarşının tarixindəki ən böyük yanğın hesab edilir. Bu böyük yanğına 489 yanğınsöndürən qatılıb və yanğın tam 28 gün davam edən bir mübarizədən sonra söndürülüb.

Dövrün hesabatında bir yorğan dükanındakı elektrikdən qaynaqlanan yanğın kimi qeyd olunub. Amma hadisənin qəsdən törədilməsi ilə bağlı da iddialar vardır.

Yanğın nəticəsində bazarın içində 1364 dükan, çölündə isə 30 dükan kül olub. Ümumilikdə tacirlərə 15 milyon lirə dəyərində ziyan dəyib. Sığorta şirkətləri 7 milyon lirə ödəməli olub. Yanğından bir həftə sonra dükanları yanmayan tacirlərə öz mağazalarına daxil olmağa icazə veriblər.

Qapalıçarşıda qiymətli zinət əşyaları da satıldığı üçün yanğınsöndürənlər maraqlı bir qərar alıblar. Belə ki, üzərlərində şübhə qalmasın deyə hər dəfə bazardan çölə çıxanda könüllü şəkildə polisin onları yoxlamasını istəyiblər. Onların bu davranışı rəhbərlərinin xoşuna gəlib, hər birinə 25 lirə əlavə maaş verilib. Hətta prezident Cəlal Bayar 7 yanğınsöndürənə saat hədiyyə edərək qurumun əməkdaşlarına ümumi təşəkkürünü ifadə edib.

Qapalıçarşının təmiri 5 il davam edib, 28 iyul 1959-cu ildə açılışı olub. Təmirə 10 milyon lirə pul xərclənib ki, dövrə görə olduqca böyük məbləğ idi.

Bakırköydən bir məktub

Tarixi Qapalıçarşının yanması türk ictimaiyyətində də kədərə səbəb olub. Əhali müxtəlif şəkildə hisslərini ifadə edib. “Vatan” qəzetinin 16 yanvar 1955-ci il tarixli sayında bu barədə yazılıb: “Dünən Bakırköy ruhi xəstəxasının 34-cü xidmət xəstələrindən Rəsul Azəridən aldığımız məktub və “Qapalıçarşı dastanı” bu diqqət və həssasiyyətin tipik nümunəsidir. Eskişehirdə şəmsiyyəçilik edən və 47-48 yaşlarında, əslən azərbaycanlı bir türk olan Rəsul Azəri hazırda Bakırköy xəstəxanasında müalicə altındadır. Bir ruhi xəstənin Qapalıçarşı yanğını qarşısında qapıldığı təəssürü oxucularımız aşağıdakı dastanın misraları arasında görə biləcəklər.

Rəsul Azərinin “Qapalıçarşı dastanı” belədir:

Qapalıçarşı dastanı

İlk təməlin Fateh dövrü quruldu
Qanuni dövründə yandı kül oldu.
Sultan Həmid dövrü zəlzələ yıxdı
Tarixdən xatirə Qapalıçarşı.

Nə sultanlar, nə əsnaflar keçirdin
Milyonca insana sərvət yetirdin.
Sən bir dəfinəsən tarix gətirdin.
Tarixdən ərməğan Qapalıçarşı

Öylə bədəstən ki, nələr bulunmaz
Əcəm xalısına baha biçilməz
Bitbazarında yeni satılmaz
Tarixlər diyarı Qapalıçarşı.

Min-bir çeşid mallar çıxar içindən
Kafi deyil, nələr gəlir dışından
Minlərcə xalq keçinməkdə işindən
Tarixi dəryasan, Qapalıçarşı.

Beş yüz illik ömrün dövr açınca
Yorğançı dükanı kontakt yapınca
Bəkçilər şaşırdı atəş görüncə
Ətrafı şaşırdan Qapalıçarşı.

Səhər zamanında atəş başladı
İtfaiyə su xortumun salladı.
Dövlət baba dərhal yardım yolladı.
Çoxlarını çıldırtdın, Qapalıçarşı.

Alovların dörd bir yanı bürüdü
Bütün əsnaf şaşırdı, sənə yürüdü
1200 dükan yandı kül oldu
Qədər böylə imiş, Qapalıçarşı.

Atəşlər başladı duman yayıldı
Təlaşdan qorxudan çoxlar bayıldı.
Fəlakət xəbəri yurda yayıldı.
Dostların sağ olsun, Qapalıçarşı.

Bədəstəndə əntiqlər qalmadı
Hələ şükür karpitlərin yanmadı.
Quyumcular sərvətlərin topladı.
Çox qəza atlatdın Qapalıçarşı.

Cəlal Bayar gəldi səni görməyə,
Yaralı qəlbinə məlhəm sürməyə,
Darda qalanlara yardım etməyə,
Dövlətin sağ olsun, Qapalıçarşı.

Sayəndə çoxları zəngin oldular.
İndi bu yanğında işsiz qaldılar.
Yeni təmirinə qərar verdilər.
İstiqbalın parlaq, Qapalıçarşı.

Nə qurbanlar kəsdin rəsmi-güşadda
Sənə layiqmi Azəri dastan yazmaqda
Kargir bədəstənin gülü solmaqda
Tarixə layiqsən, Qapalıçarşı.

Qonşudan dərs alar qafil olanlar
Sayəndə qorunsun muzey, saraylar
Bütün mətbuatda ikaz yapanlar
Millətin sağ olsun, Qapalıçarşı”.

Göründüyü kimi mühacir şair Rəsul Azəri baş verən yanğından muzey və saray idarəçilərinin nəticə çıxarmalı olduğunu bildirib.

Qapalıçarşıda II Dünya müharibəsindən sonra gəlib iş quran azərbaycanlılar da olublar. Hazırda onlardan iki ailə orada öz işlərini davam etdirməkdədirlər. Hətta Azərbaycan Cümhuriyyətinin əks-inqilabla mübarizə idarəsinin rəisi Nağı bəy Şeyxzamanlının da bir müddət orada zərgərlik mağazası olub....


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər