"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Feyenoord"la keçirilən oyundan (3:3) sonrakı görüntüsü ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, mütəxəssis öz İnstagram səhifəsində (History bölümündə) bildirib:
"Dünən gecə mətbuat konfransının sonunda üzümdəki cızıqla bağlı verilən sual məni cavabı verməyə məcbur etdi. Mən bildirdim ki, iti dırnağım təsadüfən burnumu cızıb. Cavabım heç bir halda özünə xəsarət yetirməklə bağlı ciddi problemi minimuma endirmək məqsədi daşımayıb. Bilirəm ki, bir çox insan hər gün belə mental xəstəliklərlə mübarizə aparırlar”.
Qvardiola belə problemi olan şəxslərə müvafiq qurumlara müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, sözügedən oyundan sonra Qvardiolanın burnunun üstündə qanlı yara, alnında isə çoxlu qızartı olub. Matçdan sonra keçirilən mətbuat konfransında ona burnundakı çapıqla bağlı sual ünvanlanıb. İspaniyalı mütəxəssis isə matçın gedişində epizodların birində dırnağı ilə burnunu cızdığını bildirib.