Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev də martın 30-da Xızı şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin binasında bu rayondan, eləcə də Sumqayıt şəhəri, Qobustan və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.
DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal-ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.
Səyyar qəbul zamanı DGK-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Naibə QURBANOVA