23 Aprel 2015 18:57
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün dünyada ayrı-ayrı sahələrdə işləyən əhalinin 30 faizini qadınlar təşkil edir, ölkəmizdə isə bu rəqəm 33-34 faiz civarında dəyişir. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2 xanım şöbə müdiri çalışır. Ölkənin poçt sektorunda işləyənlərin 60 faizini qadınlar təşkil edir. Avtomat Telefon Stansiyalarında (ATS) sorğu ilə çalışanların isə 90 faizi qadınlardır”.

Publika.az-ın məlumatına görə, bu sözləri Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədov “Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” adlı tədbirdə çıxışı zamanı deyib.


İ.Məmmədov həmçinin qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də əsas səylər qadınların bütün sektorlarda fəal iştirakını təmin etməyə yönəldiyini bildirib.

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq qadınların sektorda fəaliyyətini təşviq etməyə və onların səmərəli fəaliyyətini stimullaşdırmağa hazırıq”.

Nazir müavini son illər ölkədə İKT-nin inkişafına da toxunub. Bildirib ki, artıq ölkənin hər yerində vahid nömrələmə sistemi yaradılıb. Bütün şəbəkələrdə analoq tipli avadanlıqlar müasir tipli avadanlıqlarla təmin edilib. Artıq paytaxt bütünlüklə genişzolaqlı internetlə təmin edilib, bölgələrdə də bu işin başa çatdırılması üçün işlər aparılır.

Qeyd edək ki, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), ADA Universitetinin İT və Mühəndislik Məktəbi (SITE), Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) və “WoWoman” təşkilatının dəstəyi ilə Azərbaycan Qadınlarının İKT Klubu - “Femmes Digitales” “Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirib.

Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılmasının 150 illiyi ərəfəsində Azərbaycanda 23 aprel – İKT-də Qızlar Beynəlxalq Günü çərçivəsində təşkil olunub.

ADA Universitetində baş tutan və Azərbaycanda İKT sektorunda fəaliyyət göstərən 200-dən artıq qız və qadının iştirak etdiyi konfransda dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq diplomatik təşkilatların nümayəndələri, yerli biznes sektorunu təmsil edən və İKT sahəsində çalışan şirkətlərin təmsilçiləri iştirak ediblər.

Tədbir ərzində keçirilən ayrıca sessiyada iştirakçılar Azərbaycanda nüfuzlu şirkətlərdə rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərinin uğur hekayələri ilə tanış olub, eləcə də İKT startapları sahəsində müvəffəqiyyətə çatmağın yolları barədə məlumat əldə ediblər.


Azərbaycan Qadınlarının İKT Klubu - “Femmes Digitales” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 60-dan artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır.

Klubun yaradılmasında əsas məqsəd təsisçilərin öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini və səylərini artırmaq, gündəlik həyatlarında informasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmağı öyrətmək və texnologiyaların nə qədər azadlıq və yeni imkanlar gətirdiyini, vaxta qənaət etdirdiyini gənc qızlara anlatmaqdan ibarətdir.


Müəllif:

Oxşar xəbərlər