Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən məlum terror hadisələrindən 6 il ötür. Ölkəmizi çalxalayan hadisə 2009-cu il 30 apreldə səhər saat 9:30 radələrində baş vermişdi.
ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs qarşısına keçən hər kəsə “Makarov” tipli tapançadan atəş açmışdı. Hadisə nəticəsində 12 nəfər həyatını itirmiş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Qatil atəş açdığı şəxsləri əsasən boyun və baş nahiyəsindən güllələmişdi. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da var idi. Hadisəni törədən cinayətkar sonda özünə qəsd etmişdi. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra cinayəti 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovun törətdiyi məlum olmuşdu. Hadisə ilə bağlı başlanan cinayət işində Fərda Qədirovun ölümü səbəbindən ona aid olan hissəyə xitam verilmişdi. Digər təqsirləndirilən şəxslər Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.