22 May 2014 18:27
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bill və Melinda Geyts Fondunun həmsədri Melinda Geyts Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndələrini körpə ölümlərinə son qoyulması planını təsdiq etməyə çağırıb.

Hesablamalara görə, hər il dünyada 3 milyona yaxın yenicə doğulan körpə ilk 28 günündə ölür. 2,6 milyon uşağın ölü doğulduğu, bir milyona qədərinin isə doğuş vaxtı öldüyü bildirilir.

Melinda Geytsin dediyinə görə, yeni doğulan körpələr arasında ölüm hallarının yüksək olmasına görə o, DST-nin “Yeni Doğulanlar Aksiyası” planını həftənin sonuna qədər təsdiq edəcəyinə ümid edir: “Belə olsa, səhiyyə nazirləri təcili surətdə körpə həyatlarını qorumaq prosesinə başlayarlar”.

Melinda Geytsin təqdim etdiyi plana yeni doğulan körpələrin əmizdirilməsi, reanimasiya metodları, yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsi, vaxtından əvvəl doğulan körpələrə “kenquru müalicəsi” kimi tanınan (vaxtından əvvəl doğulan körpənin uzun müddət anasının qucağında olması anlamına gəlir) xidmət daxildir.

Xanım Geyts artıq belə metodlardan Efiopiya, Ruanda və Nepalda istifadə olunduğunu və müəyyən nailiyyətlər əldə edildiyini deyib. Nəticədə son 6 ildə Efiopiyada yeni doğulan körpələrin ölüm hallarının 28 faiz azalıb. Ana və 5 yaşadək uşaqların ölüm hallarının qarşısının alınmasında BMT-nin Minilliyin İnkişaf Məqsədləri proqramının müsbət təsiri olsa da, BMT-nin açıqlamasında Hindistan, Nigeriya və Pakistan da daxil olmaqla, Cənubi Asiya və Afrika dövlətlərində hər il çox saylı yeni doğulan körpə ölür.

Melinda Geytsin fikrincə, ana ölümləri kimi yeni doğulan körpələrin ölümləri məsələsinə də diqqət yetirilməlidir: “Tibb işçiləri doğuş zamanı daha çox ananın öldüyünü görüblər, buna görə də bütün diqqəti anaya yönəldirlər. Körpə isə ikinci planda qalır. Belə olanda bəzən körpə tələf olur. Bir sıra ölkələrdə isə yanlış praktikalardan istifadə olunur. Uşaqların təmizlənməsi zamanı onlar infeksiyaya yoluxur”.

Azərbaycanda isə uşaq ölümündə gətirilən səbəblər DST nümayəndələrinin bildirdikləri faktlardan çox fərqlidir. Məsələn, Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Sabunçu rayon xəstəxanasında doğulan gün dünyasını dəyişən uşaqla bağlı açıqlamada bildirib ki, ana hamiləlik zamanı ilan görüb və stress keçirib. Bu isə onun bətnində olan uşağa da təsir edib və uşaq reanimasiyada ölüb.

Mayın 21-də Bayıldakı 5 saylı doğum evində daha bir uşaq ölümü baş verib. Bu, bir həftə ərzində dördüncü uşaq ölümü faktıdır ki, hər iki hadisədə analar da həyatını itirib.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini Səfixan Həsənov 1990-cı illərlə müqayisədə istər ana ölümündə, istərsə də uşaq ölümündə dəfələrlə azalma müşahidə olunduğunu deyir: “90-cı illərlə müqayisədə uşaqlar arasında ölüm göstəricisi 29-30 faizdən 10,8 faizə qədər azalıb. Artıq 3 dəfə azalma həddinə çatmışıq. Gələcəkdə bu rəqəmi daha da aşağı salaraq inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə uşaq ölümünü azaltmış olacağıq”.

Naibə QURBANOVA


Müəllif: