Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.
AMEA-dan Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq sənədlərlə əsaslandırılmış monoqrafiyanın tariximizin obyektiv öyrənilməsi və gənclərdə vətənpərvərlik hissi oyatması baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin sözügedən kitabı haqqında dəyərli fikirlərini bölüşüb. Qeyd edib ki, ölkə rəhbərinin imzaladığı qərar və sərəncamlardan irəli gələn bu cür nəşrlərin ərsəyə gəlməsi müstəqillik işığında Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixinin yenidən öyrənilməsi zərurətindən doğur: “Akademik Ramiz Mehdiyevin son dövrlər müəllifi olduğu kitablar, eləcə də bu gün təqdimatı keçirilən bu monoqrafiya Azərbaycanın milli dövlətçilik ənənələrinin öyrənilməsində tarixşünaslıq elminin sanballı elmi-tədqiqat əsəridir. Obyektiv gerçəkliyi meydana çıxaran bu kitabda ilk dəfə olaraq Nadir şahın milli mənsubiyyəti fərqli şəkildə ortaya qoyularaq türk-oğuz mənşəli hökmdar olduğu bildirilib. Bu vaxta qədər Şərqin Napoleonu adlandırılan Nadir şah Əfşarın sərkərdəlik qabiliyyətindən danışılırdısa, bu əsərdə tarixi şəxsiyyətin həyata keçirdiyi uğurlu islahatlardan, o cümlədən vergi və miqrasiya sistemində, mədəniyyət və təhsil sahəsindəki islahatlarından danışılır”.
İ.Həbibbəyli əlavə edib ki, AMEA Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən tərcümə olunan diplomatik məktublarda tarixi şəxsiyyətin siyasi baxışları ortaya qoyulur.
Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov isə "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabının diplomatik əməliyyatları özündə əks etdirən və tarixşünaslığımıza xidmət edən məktublaşmaların azərbaycan dilinə tərcümə olunmasındakı, eləcə də mənbəşünaslıqdakı problemləri aradan qaldıracağını söyləyib və sovet dövründə Azərbaycan tarixi şəxsiyyətləri haqqında yaradılmış stereotipləri parçalayıb onlara fərqli baxış bucağından yanaşmaqda bir imkan kimi dəyərləndirib.
Daha sonra AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Nadir şahın Azərbaycan sərhədlərinin bütövlüyünü qoruyan və genişləndirən, Azərbaycan Səfəvi imperiyasını yenidən bərpa etməyə çalışan bir hökmdar olduğunu, məzhəb ayrılığı salmağa çalışan qüvvələrə qarşı daim mübarizə apardığını və dini birlik yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda son vaxtlar Azərbaycanın görkəmli şəxsiyyətlərini ləkələmək meylləri ilə meydana çıxan qüvvələrin Azərbaycanın tarixi torpaqlarında rəhbərlik edən hökmdarların idarəçiliyinə kölgə salmasına imkan verilməməli olduğunu deyib.
Tədbirdə, həmçinin AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva öz çıxışında İran tarixşünaslığında bu tədqiqat sahəsinə yanaşmadan, bu istiqamətdəki araşdırmaların xüsusiyyətindən danışıb. Bildirib ki, iranlı alimlər tərəfindən Nadir şah Əfşar barədə 23 kitab və monoqrafiya nəşr edilib və bu nəşrlərdə Nadir şah İran hökmdarı kimi təqdim olunub. G.Baxşəliyeva öz növbəsində ölkə alimlərinin dərc etdirdiyi həqiqətlərlə dolu elmi məqalə, araşdırma yazılarının çoxluq təşkil etməsini müsbət hal kimi qiymətləndirib.
AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı təqdimatı keçirilən kitabın dövrün diplomatiya fəlsəfəsini araşdırdığını deyib və natiq yazışmaların hamısında diplomatik üslubun gözlənildiyini, həmçinin Nadir şah Əfşarın beynəlxalq münasibətlər qurmaq istiqamətində geniş fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Nadir şah Azərbaycan ərazilərini genişləndirən, donanmaları möhkəmləndirən, idarəçiliyin müxtəlif sahələrində fərqli strategiyası olan, islamda radikalizmi parçalamağa çalışan və Azərbaycan torpaqlarına əvəzsiz xidmət edən bir hökmdardır.
Sonda azərbaycançılığa və Azərbaycan dövlətçiliyinə faydalı olan nəşrlərin ərsəyə gəlməsi və tarixi obyektivliyin araşdırılması istiqamətində elmi tədqiqat fəaliyyətinin genişləndirilməsinin zəruriliyini ifadə edən akademik Akif Əlizadə bütün akademiya adından müəllifə öz təşəkkürünü bildirib.
BƏXTİYAR