Dövlət Məmmədov: “Avropa Oyunları zamanı ölkəyə gələn turistlərə bulaq sularımız təklif olunacaq”
Dünən Su İstehsalçıları Birliyi “Azərbaycanın bulaq suları və saxta sular” mövzusunda mətbuat konfransı keçirdi.
Birliyin sədri Dövlət Məmmədov bildirdi ki, “Bakı 2015” I Avropa Oyunları ərəfəsində öz mənfəətinə işləyən qüvvələr var və onlar bulaq sularını gözdən salmağa cəhd edir, milli brendlərin nüfuzunu korlamağa çalışırlar: “2010-cu ildə Parisdə ölkəmiz Avropa Su Birliyinə qəbul olunanda Azərbaycanda bulaq sularının keyfiyyəti barədə söz açdıq. Orada soruşdular ki, sizin sular Avropa sularından nəylə fərqlənir? Bildirdik ki, Azərbaycanda Atom Elektrik Stansiyası, su mənbələri yaxınlığında bataqlıq, kimyəvi zavodlar yoxdur, ölkədə günəşli günlərin sayı çoxdur. Bu səbəbdən canlı olan su Günəşdən müsbət elementlər götürür”.
Dövlət Məmmədovun sözlərinə görə, mətbuatda Azərbaycan bazarında özünə yer tutmuş su məhsulları haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Guya bəzi yerli suların içilməsi tövsiyə olunmur, amma bəzi xaricdən gətirilən sular reklam edilir. Halbuki reklam olunan o sular süfrə suyu deyil, minerallarla zəngindir və həkim tövsiyəsi ilə içilməlidir.
İkincisi, sadaladığım bütün bu sular rayonlarda mineral su mənbələrindən götürülərək qablaşdırılır. Sadalanan firmaların məhsullarının tərkibində insan orqanizminə faydalı olan mineral maddələr saxlanılır. Yəni, onların heç biri kran suyu deyil. Etiketin üzərində yazılmalıdır ki, bu su şəhərə gələn su xəttindən götürülərək, qablaşdırılır. Əhali bilməlidir ki, suyun mənbəyi haradır. Digər tərəfdən, Azərbaycan coğrafiyasında istehsal olunan suyun yerli əhali üçün qəbulu daha məqsədəuyğundur, nəinki xaricdən gətirilən, mənşəyi məlum olmayan suyun”.
Birlik sədri hesab edir ki, ilk Avropa Oyunları ərəfəsində Azərbaycan istehsalı olan məhsulların təbliğinə ehtiyac var: “Ölkəmizi tanıtmaq istəyiriksə, öz milli sərvətlərimizlə də tanıtmalıyıq. Dünyadan 100 min turistin Azərbaycana gələcəyi gözlənilir. Onlara yerli məhsul kimi milli brendlərimiz təklif olunacaq. Ona görə mən hesab edirəm ki, bu fikirlər olimpiada ərəfəsində Azərbaycan sularına qarşı təxribatdır. Halbuki bizim yerli məhsullarımız xaricdən gətirilən sulardan keyfiyyətcə heç də geridə qalmır.
Həmin su istehsalı müəssisələrində minlərlə insan çalışır və bu müəssisələr dövlət büdcəsinin formalaşmasına maddi vəsait sərf edir, Azərbaycan iqtisadiyyatının güclənməsinə kömək edir. Bu suların tərkibi 3 dövlət qurumu tərəfindən yoxlanılır və rəsmi qeydiyyatlı sertifikat əsasında istehsal olunur ”.
Dövlət Məmmədov dedi ki, hazırda Bakıda ev-ev gəzərək bəzi işbazlar kran suyunun guya aparatlarla təmizlənəcəyini iddia edir: “Evlərdə belə qurğuları 800-1000 manata quraşdırırlar. Bu aparatlar suyu təmizləmir. Sadəcə sudakı minerallar məhv edilir, “ölü su” yaranır. Bu suları yalnız maşınların akkumlyatorunda istifadə etmək olar”.
Fizioloq Rəşid Mahmudov çıxış edərək bildirdi ki, gələcəkdə su qıtlığı yaşayan ölkələrin sayı artacaq, amma xoşbəxtlikdən Azərbaycanda su ehtiyatı çoxdur. Onun sözlərinə görə, bu mənbələrin qorunması və zənginləşdiriməsi istiqamətində işlər görülməlidir: “Əvvəla, onu deyim ki, insan 40 gün ac qala bilir, susuz bir həftə qalmaq mümkündür. 6 dəqiqədən artıq isə havasız yaşaya bilmir. Ona görə də sağlam ömür üçün insana təmiz hava, təmiz və keyfiyyətli su, eləcə də keyfiyyətli qida vacibdir. Bu gün kriminal hadisələrin artmasının başlıca səbəbi, məhz ekoloji amillərin pozulmasıdır. Ona görə də içdiyimiz suyun tərkibinin minerallarla zəngin olması, xüsusilə yodla zənginləşdirilməsi vacibdir.
İnsana bir sutkada 100 mikroqramdan 300 mikroqrama qədər yod lazımdır. Orqanizm gün ərzində 11 mikroqramdan az yod qəbul edərsə, qalxanabənzər vəzlərdə xəstəliklər baş qaldırır, el arasında buna zob xəstəlikləri deyilir. İnsanı əqli və fiziki güc verən qalxanabənzər vəzdirsə, qalxanabənzərin də vacib qidası yoddur. Ona görə mən su zavodlarında işləyənlərdən xahiş edirəm suyumuzun tərkibini yodla zənginləşdirin. Özü də bu çox vəsait tələb etmir. Bir litr suya 1 qəpiklik yod əlavə edəcəksiniz. Bir litr suyu, 30 qəpiyə satırsınız, 31 qəpiyə satın, lap 35 qəpiyə satın, amma mütləq suyu yodlaşdırın”.
Sevil HİLALQIZI