17 İyun 2015 10:53
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lider” Televiziyasının efirində gedən qalmaqallı müsahibə ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qeyd edək ki, “Lider” Televiziyasının efirində “ingilis turistin” müsahibəsi yayımlanıb.

Sonradan məlum olub ki, özünü turist kimi təqdim edən şəxs Cəbrayıl rayonundan məcburi köçkün olan Seymur Səfərov adlı gəncdir. Sözügedən müsahibə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bəziləri “Lider” Televiziyasını tamaşaçılara yalan informasiya ötürməkdə və aldatmaqda təqsirləndirir, bəziləri isə müsahibə verən şəxsi. Bəs, əslində bu məsələdə “yalançı müsahib”in məsuliyyəti nədir? Bu məsələ ilə bağlı “Palitra”ya açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirdi ki, Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyi bir vaxtda belə hallara yol verilməsi təəssüf doğurur: “Müsahibədən də hiss olunur ki, ingilis dilində yaxşı danışmağı bacaran müsahib şöhrət hissinə qapılaraq efirdə görünmək üçün bu addımı atıb. Azərbaycan Cinayət Məcəlləsində səlahiyyətləri mənimsəmə cinayəti var. Bu şəxsin hərəkətlərində cinayət əməli axtarmaq hüquqi baxımdan doğru deyil. Çünki Cinayət Məcəlləsinin 14.2 maddəsində qeyd edilir ki, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Yəni, bu şəxsin hərəkəti ictimai qınaq obyekti ola bilər. Formal cəhətdən cinayət tərkibi olsa belə, məsulliyyətdən söhbət gedə bilməz”. Həmin şəxs böyük tamaşaçı auditoriyasına malik olan televiziyaya bilərəkdən, yalan məlumat verməklə, əslində həmin tamaşaçıları aldadıb. İctimaiyyəti bilərəkdən aldadan bu şəxs, bununla kifayətlənməyərək “müsahibəsinin” videosunu sosial şəbəkələrdə yayıb. Yəni, bir növ ictimai rəyi ələ salıb. Onun bu davranışının ictimai qınaq obyektinə tuş gəlməsi kifayət deyil. Ən azı inzibati qaydada tənbeh edilməsi və ya cərimələnməsi lazımdır. Belə bir məsələnin cinayət və inzibati xətalar məcəlləsində olmaması bu məsələdə boşluğun olması deməkdir. Ona görə də belə məsələlərlə bağlı müvafiq cəzanın olması vacibdir. Belə olan halda kimsə yalandan özünü turist kimi təqdim edərək efirə çıxmağa cəhd etməz.


Müəllif:

Oxşar xəbərlər