20 İyun 2015 21:18
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan heç vaxt konkret, birmənalı mövqe sərgiləməyib. Bu ölkə heç bir konkret seçim etməyib və konkret olaraq kiməsə dostluq münasibəti göstərməyib. Bu da onu deməyə əsas verir ki, erməni hiyləgərliyi öz işindədir və güclü kimdirsə onlar onun yanındadırlar. Ancaq anlamırlar ki, onların iç üzü artıq bütün dünyaya məlumdur.

Bu fikirləri Milli Məclisin deputatı, Avropa İttifaqı -Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Avronest Parlament Assambleyası enerji komitəsinin sədri Fuad Muradov NATO PA-nın Yerevanda keçirilən “Rose-Roth” 89-cu seminarının toplantısında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın rəsmi Yerevandan Avropa İttifaqı ilə Rusiya arasında seçim etməyin tələb olunduğu barədə açıqlamasına münasibət bildirərkən deyib.

F.Muradov qeyd edib ki, Ermənistan bütün tərəflərlə oyun oynamağa, özünü həmin tərəflərin yanında göstərməyə çalışır. Onlar düşünürlər ki, buna nail olurlar. Lakin Ermənistan indi dünyada qeyri-sabitlik ixrac edən ölkə kimi tanınır. Bunu Ermənistanın qonşusu olduğu ölkələrə - Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində açıq hiss etmək olar. Bu gün Ermənistan Gürcüstanın Cavaxetya ərazisində yaşayan erməniləri özünün təsiri altında saxlamaqla bir növ daim Gürcüstanı təzyiq altında saxlayır. Əslində ermənilər istənilən vaxt Gürcüstana ərazi iddiası irəli sürə bilərlər. Bunu hətta zaman-zaman dilə gətirirlər.

Ermənistanın Azərbaycanla bağlı işğalçılıq siyasətinə toxunan deputat deyib ki, ermənilərin guya Cənubi Qafqazda min ildir məskunlaşması ilə bağlı iddialar qeyri-ciddidir. Ermənilərin heç zaman dövləti olmayıb. Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaradılıb. Bu gün isə Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır.

Bildirilib ki, Ermənistan daim qonşu Türkiyəyə qarşı qondarma “soyqırımı” məsələsini gündəmdə saxlamağa çalışır. Eyni zamanda, Ermənistanın konstitusiyasında Türkiyənin bir neçə bölgəsinə ərazi iddiası var. Bundan başqa, gizli, yaxud açıq şəkildə erməni diasporu Rusiya və İranda təhlükə, terror mənbəyi olaraq qalmaqdadır. Artıq Rusiya və İranda erməni lobbisinə “barıt çəlləyi” kimi baxılır. Bu gün Rusiya və İranda qəbul olunur ki, erməni lobbisi narahatlıq, qeyri-sabitlik mənbəyidir. Ermənistanın bu “qeyri-sabitlik ixracı” siyasəti çox yaxın zamanlarda onun məhvinə gətirib çıxaracaq.

Fuad Muradov qeyd edib ki, ermənilər bu məkrli siyasətlərini uzun zaman dünyadan gizli tutmağa çalışıblar. İndi hər şeyin üstü açılıb. Artıq bütün dünyada Ermənistan müharibə, terror ixrac edən ölkə kimi tanınır. Ayrı-ayrı zamanlarda hansısa ölkələr arasında müharibələr olub və s. Ancaq dünyada ikinci belə iyrənc siyasət aparan, öz siyasətini insanların məhvi üzərində quran, bəşəri cinayətlərə imza atan bir ölkə yoxdur. Bu gün dünyada Ermənistana qarşı təzyiqlər artıb. Ermənistanın yeganə çıxış yolu işğal altında saxladığı Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaq və Azərbaycanla əməkdaşlıq etməkdir. Erməni xalqının xilas yolu bundan keçir.


Müəllif:

Oxşar xəbərlər