30 May 2014 11:51
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” 9 avqust 2005-ci il tarixli, “Sosial müavinətlər haqqında” 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunlarında, digər normativ hüquqi aktlarda uşaqların sosial müdafiəsinin hüquqi əsasları müəyyən olunub.

2007-ci ildə mütərəqqi beynəlxalq praktikaya uyğun olaraq, ölkə qanunvericiliyində dəyişiklik edilib və “16 yaşınadək əlil uşaqlar” sözü “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözü ilə əvəz olunub.

Hazırda ƏƏSMN tərəfindən ailə başçısını itirmiş 39 342 nəfər uşağa və 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.

Azərbaycan Respublikası Prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə 1 yanvar 2014-cü il tarixdən ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Cari ilin 1 may tarixinə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdən çoxdur.

Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib.

Hazırda ƏƏSMN-nin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində ƏƏSMN məqsədyönlü tədbirlər həyata keçirir.

Azərbaycan prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli Sərəncamı bu qəbildən olan uşaqlara diqqət və qayğının növbəti təzahürü olub.

Sərəncama əsasən, ƏƏSMN-nin sifarişləri əsasında vətəndaş cəmiyyətləri tərəfindən 2500 nəfərdən artıq uşağa və onların ailələrinə müxtəlif növ sosial xidmətlər göstərilir. Eyni zamanda, ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa olunur.

BƏT-in ölkəmiz tərəfindən ratifikasiya edilmiş bir sıra Konvensiyalarına uyğun olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş, həmçinin yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri, onlar üçün müvafiq təminatlar nəzərdə tutulub.

Naibə QURBANOVA


Müəllif: