24 Noyabr 2015 18:43
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qusar şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda şimal rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak edirlər. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin açılışında çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Şahid Fərəməzov konfransın əhəmiyyətindən bəhs edərək, ölkəmizdə milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. O bildirib ki, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı tolerant mühit ən dəyərli sərvətlərimizdəndir.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz işlərdən danışıb. O bildirib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc, yanaşı yaşamasının nadir nümunəsidir: “Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir”.

Komitə sədri dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən də bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb. M.Qurbanlı qeyd edib ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov və başqaları çıxışlarında dövlət-din münasibətlərindən, gənclərin dini maarifləndirilməsindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən bəhs ediblər.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda davam edən plenar iclasda DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər”, Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanovun “Ənənəvi İslamın təbliği – dini radikalizmlə mübarizə vasitəsi kimi” mövzularında məruzələri dinlənilib.

M.Qurbanlı Qusara səfəri çərçivəsində buradakı “Mustafa Kadzal” məscidində dindarlarla görüşüb, icma üzvlərinə kitablar hədiyyə edib.

Qeyd edək ki, regional konfrans işini noyabrın 25-də DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda plenar iclasla davam etdirəcək.

BƏXTİYAR


Müəllif: