24 Fevral 2016 11:16
494

TQDK qəbul kampaniyası ilə xəbərdarlıq etdi: “Lazımi işləri vaxtında həyata keçirin”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafikini açıqlayıb. Plan-qrafikdə ali təhsil müəssisələrinin magistratura, rezidentura və bakalavr səviyyəsinə qəbul imtahanlarının, ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə, peşə liseyləri və orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarının və qəbul kampaniyası ilə bağlı digər tədbirlərin tarixləri göstərilib.

TQDK-dan verilən məlumatda bildirilir ki, hər bir imtahanda və onunla bağlı olan tədbirdə (sənəd qəbulu, ixtisas seçimi, qeydiyyat və s.) iştirak edəcək abituriyentlərə (namizədlərə) təqdim olunan qrafikdə özlərinə uyğun olan tarixləri diqqətdə saxlasınlar və lazımı işləri vaxtında həyata keçirsinlər.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 3, 10, 24 aprel, 8 may tarixlərinə təyin olunub.

I-IV qruplar üzrə ərizə qəbulu və jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 1-28 aprel, V qrup üzrə ərizə qəbulu 3-17 may, I qrup üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 15-30 aprel, V qrup üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 6-19 may tarixlərində aparılacaq.

II və III qruplar üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı 15 may, I və IV qruplar üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı 22 may, I və IV qruplar üzrə cari ilin məzunları üçün qəbul imtahanı 15 iyul, II və III qruplar üzrə cari ilin məzunları üçün qəbul imtahanı 23 iyul, jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 29 iyul, V qrup üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul-5 avqust, I qrup üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 25 iyul-5 avqust tarixlərində keçiriləcək.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dilindən (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) imtahan üçün qeydiyyat 1-31 mart tarixlərində aparılacaq. 1-ci imtahan 1 may, 2-ci imtahan isə (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) 12 iyun tarixlərində keçiriləcək.

I-V qruplar üzrə ixtisas seçimi 29 iyul-10 avqust, I mərhələ üzrə abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 15-25 avqust, I-V qruplar üzrə boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 22-31 avqust tarixlərində baş tutacaq.

Hərbi liseylərə qəbul imtahanı 29 iyulda keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə qəbulu 3-17 may, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 4-18 may, əvvəlki illərin məzunları üçün qəbul imtahanı 5 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul-5 avqust, ixtisas seçimi 15-19 avqust, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 22-31 avqust, boş qalan yerlərə ixtisas seçimi 2-6 sentyabr, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 8-13 sentyabr tarixlərində aparılacaq.


Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu 2-30 may, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 20 may-2 iyun, əvvəlki illərin məzunları üçün qəbul imtahanı 5 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 9-13 iyul, ixtisas seçimi 8-18 iyul, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 20-28 iyul, boş qalan yerlərə ixtisas seçimi 2-8 avqust, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 10-16 avqust tarixlərində baş tutacaq.

Buraxılış imtahanları peşə liseylərində 13 mart, 1-ci istiqamət (region) 16 iyun, 2-ci istiqamət (region) 21 iyun, 3-cü istiqamət (Bakı) 25 iyun, 4-cü istiqamət (region) 30 iyun, əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinin V qrupu üzrə qəbul imtahanı (eksternat imtahanı) 5 iyul, monitorinq imtahanları 7 və 8-ci siniflər üçün 4, 5 aprel (region), 7, 8 aprel (Bakı), 11-ci sinif üçün 13, 14, 15 aprel (Bakı), 18, 19 aprel (region) tarixlərində keçiriləcək.

Magistraturaya qəbul imtahanının I mərhələsi üçün onlayn rejimdə sınaq imtahanı 20 fevraldan başlanıb. 10-19 fevral tarixlərində isə ərizə qəbulu başa çatıb.

Magistraturaya qəbul imtahanı 1-ci mərhələ üzrə 6 mart, jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qeydiyyatı 11-20 aprel, jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı 26-29 aprel, proqram seçimi 3-10 may, 2-ci mərhələ üzrə qəbul imtahanı 5 iyun, AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların müsahibəsi 13, 14, 16, 17 iyun, ixtisaslaşma seçimi 9-19 iyun, bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun-11 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi 8-14 avqust, boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-25 avqust tarixlərində keçiriləcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi üçün onlayn rejimdə sınaq imtahanı 19 martdan, ərizə qəbulu 1-10 mart, 1-ci mərhələ üzrə qəbul imtahanı 3 aprel, 2-ci mərhələ üzrə qəbul imtahanı 29 iyul, ixtisaslaşma seçimi 1-7 avqust, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-15 avqust, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust tarixlərində aparılacaq.

Sevil Hilalqızı


Müəllif: