7 Aprel 2016 09:05
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin ruhunu yad etmək, eyni zamanda, ordumuza dəstək məqsədilə 6 aprel 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik" mövzusunda tədbir keçirilib.

Teleqraf.com-a FHN-in mətbuat xidmətindən verilən məlumata görə, müəllim və kursantların iştirakı ilə keçirilən tədbir erməni qəsbkarlarının təxribatı zamanı həlak olmuş vətəndaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov şəhidlərimizin doğmalarına səbr diləmiş və Ermənistan silahlı qüvvələrinin aprelin 1-dən 2-nə keçən gecə atəşkəs reşimini xəyanətkarcasına pozmasından danışıb. O, qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatına qüdrətli ordumuz tərəfindən tutarlı cavab verilib, düşmən layiqli cavabını alıb. Milli ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün qarşı tərəfin mövqelərinə zərbələr endirərək onu susdurub.

Əsgərlərimiz düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə mövqelərimizə və sakinlərimizə təhlükə törədən strateji əhəmiyyətli məntəqələri ələ keçiriblər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağıraraq düşmənə layiqli cavabın verilməsi üçün lazımi əmrlər verib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin xəyanətkar düşmənin hər an atəşkəsi poza biləcəyini diqqətə çatdıran rəis hər bir vətəndaşın, xüsusilə, hərbçilərin Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmrinə hazır olmasının vacibliyini bildirib.

Akademiya rəisinin müavini polkovnik Afət Qurbanov, kursantlar adından Yusif Qurbanlı və Rəşad Babazadə çıxış edərək bütün ölkə vətəndaşları kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazır olduqlarını bildiriblər.

Tədbir Akademiyanın şəxsi heyətinin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər