9 Aprel 2016 10:28
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası bir neçə rayon (şəhər) təhsil şöbəsində audit tədbirləri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Tədbirlər Yevlax şəhər, İsmayıllı və Şamaxı rayon təhsil şöbələrinin fəaliyyətini əhatə edib. Sənədə əsasən, mövcud statistik məlumatların təhlili, nəzarət tədbiri keçirilən təhsil müəssisələri üzrə ali təhsil müəssisələrinə qəbul olanların məzunlarının sayında xüsusi çəkisinin 2012-ci illə müqayisədə artdığını göstərsə də, ümumilikdə bu göstərici abituriyentlərin yarısından da az olub.

Nəzarət tədbirləri zamanı audit olunan təhsil şöbələrində əməyin ödənişi ilə bağlı bir sıra normativ-hüquqi aktların tələblərinə riayət edilməyi məlum olub. Həmin nöqsanlar nəticəsində artıq icra edilən cəmi vəsait əsasən siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli siniflərdə komplektləşdirmə aparılmaması, artıq dərs və dərnək saatlarının tarifləşdirilməsi, sinif rəhbərliyi və digər əlavələrin düzgün hesablanmaması meydana çıxıb.

Bundan başqa, bir sıra ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin pedaqoji təhsilləri olmadığı halda onlara bədən tərbiyəsi və əmək təlimi ixtisası üzrə dərs yükünün tarifləşdirilməsi, habelə müxtəlif səbəblərdən artıq ştatların saxlanılması kimi nöqsanlara rast gəlinib. Ümumiyyətlə 2877 dərs saatı artıq tarifləşdirilib və 21 ştat artıq saxlanılıb.

Eyni zamanda, nöqsanların aradan qaldırılması istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Yevlax şəhər Təhsil şöbəsinin müdiri və 1 mühasib vəzifədən azad edilib, baş mühasibə və 12 mühasibə şiddətli töhmət verilib.

İsmayıllı rayon Təhsil Şöbəsinin təchizat bölməsinin müdiri və 1 əməkdaş vəzifədən azad edilib, 10 məktəb direktoru və 1 mühasibə töhmət elan olunub.

Şamaxı rayon Təhsil şöbəsi tərəfindən isə daxil olan məlumatda qeyd olunur ki, 4 məktəb direktoru işdən azad olunub, 11 məktəb direktoruna töhmət verilib, 8 direktora xəbərdarlıq elan olunub, həmçinin 3 mühasibə töhmət verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər