"Son vaxtlar dünya miqyasında baş verən iqtisadi proseslər bəzən bizim nəzarətimizdən kənar olur. Neftin qiymətinin kəskin düşməsi, bir çox maliyyə bazarlarındakı maliyyə çətinliyi və siyasi sabitsizlik, əlbəttə ki, dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycana da öz təsirini göstərib".
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycandakı Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") nümayəndə heyəti arasında baş tutan görüş zamanı Palatanın prezidenti, "Ernst and Young" şirkətinin ölkə üzrə meneceri İlqar Vəliyev deyib.
"Amerika Ticarət Palatasının üzvləri kimi, biz çətin vaxtları dərk edirik, lakin, eyni zamanda, biz kompleks və ciddi iqtisadi islahatları həyata keçirmək, iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün Azərbaycanın və onun rəhbərliyinin indiki vəziyyətdə düzgün yolu tapmaq üçün çalışdığını görməyə çox şadıq. Biz bu işləri yüksək qiymətləndiririk və dəstəkləyirik. Cənab prezident, Amerika Ticarət Palatasının biznes icması həmişə sizi dəstəkləyənlər arasında ön sırada olub. Biz hazırda icra olunan iqtisadi islahatları alqışlayırıq və iqtisadiyyatın özəlləşdirilməsi, gömrük rejiminin sadələşdirilməsi, ən yaxşı beynəlxalq təcrübələrin təşviqi, şəffaflığa daha çox diqqətin yetirilməsi, maliyyə hesabatlılığı, korrupsiya ilə mübarizə və əlbəttə ki, müsbət nəticə verəcək bir çox digər yaxşı təşəbbüslər üzrə tədbirlərin həyata keçirilməsini görmək bizim üçün çox sevindiricidir. Şübhəsiz, bu tədbirlər nəticədə Azərbaycanın uğuruna öz təsirini göstərəcək", - deyə İ. Vəliyev bildirib.
İ. Vəliyev Palatanın biznes icmasına davamlı dəstək göstərdiyi üçün ölkə başçısına minnətdarlıq edib: "Sizin birbaşa müdaxilənizdən sonra hətta bəzi mübahisəli məsələlərin öz həllini tapmasına dair misallar gətirmək olar və biznes icması bunu çox yüksək dəyərləndirir. Hətta böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz iqtisadi islahatlar üzrə köməkçi ilə çox yaxından işləyirik. Bu sahədə əməkdaşlıq bizi çox qane edir və bu əməkdaşlıq davam etməkdədir".
Palatanın prezidenti Azərbaycanın orta və uzunmüddətli inkişafı üzrə yol xəritəsinin yaradılması təşəbbüsünü də alqışlayıb.
"Biz islahatları ciddi şəkildə dəstəkləyirik. Biz islahatların vacib olduğuna ciddi şəkildə inanırıq və bu islahatların həyata keçirilməsində sizin rəhbərliyinizi çox yüksək dəyərləndiririk. Biz inanırıq ki, bu islahatlar nəticəsində Azərbaycan daha da güclü, daha da rəqabətə davamlı bir ölkə olacaq və yüksək artım tempinə nail olan iqtisadiyyatlar arasında öz yerini saxlamağa davam edəcək. Həm yerli, - çünki Amerika Ticarət Palatasında həm də yerli şirkətlər təmsil olunur, - həm də xarici şirkətlər sizin yanınızdadır. Biz sizi tam dəstəkləyirik və sizi bu islahatlardan geri çəkilməməyin qarantı kimi görürük", - deyə İ. Vəliyev qeyd edib.