Ötən əsrin 70-ci illərində, daha dəqiqi 1974-cü ildə heykəltəraşların ixtiyarına verilmiş Bədii Yaradıcılıq Kombinatındayıq. Bura daha kombinat deyil. Niyəsini yazını oxuyanda biləcəksiniz.
Hələlik bura gəlməyimizin məqsədindən danışaq. 2011-ci ildə prezident İlham Əliyev Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəli hazırlamaq heykəltəraş Arif Qazıyevə tapşırılıb. Heykəlin hazırlanma prosesi ilə maraqlandıq. Üz tutduq keçmiş kombinatın ərazisinə.
Heykəlin ucaldılması ideyasından tutmuş 5 ildə başına gələn hadisələrə qədər hər şeyi bizə heykəltəraş Rəşid Hüseynov danışır. O, indi Babəkin heykəlinin böyük formatda hazırlanması işi ilə məşğuldur.
-Gördüyünüz iki metrlik modeli mənim müəllimim Arif Qazıyev hazırlayıb. Mənə tapşırıb ki, onu beş dəfə böyüdüm. İndi o işlə məşğulam. Bu 10 metrlik heykəli isə mən özüm düzəltmişəm. Proses hələ davam edir.
-Rəşid bəy, öncə sizi yaxından tanımaq istərdik.
-60 yaşım var. Rəssamlıq məktəbini, daha sonra o vaxtlar Mədəniyyət və İncəsənət Universitetinin tərkibində fəaliyyət göstərən heykəltəraşlıq fakültəsini bitirmişəm. Mərhum Heydər Əliyevin bir çox heykəllərini, büstlərini hazırlamışam. Statistika Komitəsinə, Telestudiyanın foyesinə qoyulmuş büstlər, Ağsu şəhərinin mərkəzindəki 4 metrlik heykəli mən yapmışam. Eyni zamanda heykəltəraşlara model heykəllərin böyüdülməsi prosesində kömək edirəm.
Hələ 21 yaşım olanda Böyük Vətən Müharibəsi illərində bizim 416-cı diviziya ilə 216-cı rus diviziyasının şərəfinə ucaldılmış “Sanbek yüksəklikləri”nin hazırlanmasında iştirak etmişəm. 10 metr hündürlükdə olan yüksəkliklərin ideya müəllif Elcan Şamılovdur. Amma onun böyütmə işlərini 1976-cı ildə Moskvadan gələn Nikolay Vasilyeviçlə mən eləmişəm. O iş üzərində iki il işlədik, elə o zaman da heykəlləri böyütməyin qaydasını tam öyrəndim. Ona görə də Bakıda heykəlləri böyütmə işlərini adətən mənə həvalə edirlər.
-Sizdən başqa bu işlə məşğul olan kimsə yoxdur?
-Bacarıqlı biri var, amma indi o heykəltəraş deyil.
-Belə başa düşdüm ki, hər heykəltəraş böyütmə işini ya bacarmır ya da özü eləmir...
-Bu, heykəltəraşın işinə daxil deyil. Çünki bu, daha çox texniki işdir. Əsas məsələ modeli tam incəliklə böyütməkdir. Ona görə də ən yaxşı böyüdücü heykəltəraş işi tamamlaya bilən adamdır.
-Rəşid bəy, Babəkin heykəlinin hazırlanması niyə bu qədər gecikir?
-Arif müəllim 35 il bu heykəlin üzərində işləyib. Heykəlin hazırlanması ideyası məhz ona məxsusdur. Prezident 2011-ci ildə gördüyünüz 2 metrlik heykələ baxandan sonra sərəncam verdi ki, Bakıda 10 metr hündürlüyündə belə bir heykəl qoyulsun. Heykəlin böyüdülməsi işini ukraynalılara sifariş verdilər. Ukraynalılar da Müşfiqabad qəsəbəsinin Dəvəli sexlərində 10 metr hündürlüyündə heykəl hazırladılar.
Arif müəllim onların işini bəyənməyib, mənə müraciət elədi. Dekabr ayının əvvəlindən işə başladım və bütün qışı işlədim. Heç haqqımı da vermirlər, deyirlər ki, pulu ukraynalılara vermişik. Deyirlər, sən işlə, qurtar, sonra baxaq görək hardan pul tapırıq... Mən də müəllimimin xətrinə işləyirəm. Arif müəllim 14 yaşından mənə ustadlıq edib, ona çox böyük hörmətim var.
Bilirsiniz, mənə təsir edən odur ki, bizdə mütəxəssislər ola-ola ukraynalılara müraciət edirlər... Başa düşmək olar, ortada gəzənlər gəlir əldə etmək eşqinə düşüblər. Amma bütün hallarda işə nəzarət olmalıdır. Mən bildiyim qədər, heykəlin bürüncə tökülməsi prosesini də ukraynalılara tapşırmaq istəyirmişlər. Halbuki bizim bir neçə bürünctökmə sexlərimiz və bu işi görə biləcək mütəxəssislərimiz var.
-“Onlar” dediyiniz kimlərdir? Ümumiyyətlə, heykəlin maliyyəsini kim həyata keçirir?
-Heykəlin maliyyələşdirilməsi ilk gündən SOCAR-a tapşırılıb. Arif müəllim layihənin smetasını bir dəfə hazırlayıb SOCAR-a təqdim edib. SOCAR smetanı bəyənməyib və deyib ki, məbləği özümüz hazırlayacağıq. Sonra da Arif müəllim smeta ilə maraqlananda ona bu barədə məlumat verməyiblər. Məhz maliyyə məsələsi ilə əlaqədar iş bu qədər ləngiyir.
-SOCAR hazırda işin gedişi ilə maraqlanırmı?
-Son 4-5 ayda bir dəfə də gəlib işə baxmayıblar.
-Bəs görülən işin maliyyəsini kim verib?
-Öz cibimizdən xərcləyirik. İndiyə qədər 10-15 min manat Arif müəllim, elə bir o qədər də mən xərcləmişəm.
-İşi başa çatdırmaq üçün nə qədər vəsait lazımdır?
- Belə bir işi xarici ölkədə kimə tapşırsalar ona 15-20 milyon verərlər. O məbləğ alan heykəltəraş daha ömrü boyu işləməz. Amma biz bunu hazırlayandan sonra da özümüzə iş axtaracağıq. Bizim hələ 7-8 aylıq işimiz var. İndi heykəlin karkası qurulub, taxtadan hörülüb, üstündən də gips vurulur, onun üzərində iş gedəcək. Arif müəllim də axırda gəlib, incəliklərini dəqiqləşdirəcək. Daha sonra formatorlar onun qəlibini çıxarıb, bürünctökmə sexinə verəcəklər. Orda da bürüncdən heykəl hazırlayacaqlar.
Heykəlin yerləşəcəyi məkan da məlumdur. Heykəl Babək prospektinin axırında böyük meydanda qoyulacaq, üzü şəhərə tərəf dayanacaq. Ayağının altında budaq formasında postament olacaq. Bu, bizim keçmişimizin, gələcəyimizin rəmzidir. Postamentin hündürlüyü 8, heykəlin isə 10 metr olacaq.
Rəşid müəllimlə söhbət edə-edə kombinatın o biri sexinə daxil olduq, elə bu vaxt Rəşid bəy bir heykəli göstərib deyir:
-Belə eybəcər heykəllər düzəldənlər də var (gülür). Bilirsiniz, bura sovet zamanında Bədii Yaradıcılıq Kombinatı idi. Çox yaxşı, yararlı kombinat idi. Sonra talan elədilər, indi burda demək olar ki, heç nə qalmayıb, son halı da budur – gördüyünüz kimi.
Mən hər təklif olunan işə razılıq vermirəm. Gözəl işləri həvəslə işləyirəm. Arif müəllim Azərbaycanın qabaqcıl heykəltəraşıdır. Özü də animalist heykəltəraşdır, yəni heyvanat aləmini tam mükəmməl bilən heykəltəraşdır. Sizi əmin edirəm ki, bu atlı qəhrəman Azərbaycanın ən mükəmməl heykəli olacaq.
-Heykəltəraş Cümşüd İbrahimli iddia edir ki, bu heykəli də Koroğlu heykəlinin aqibəti gözləyir.
-Mən onun düzəltdiyi heykəli görmüşəm. O heykəl Arif müəllimin heykəlinin yanında aciz qalır.
-İttihamlar arasında Koroğlunun heykəlinin plagiat olduğu da bildirilirdi.
-Siz ən məşhur atlı heykəllərə baxsanız, görəcəksiniz ki, hamısı bir-birinə oxşayır. Atı necə gözəl yarada bilərsən ki? Ən gözəl atın formasını Donatella, Lionardo, Mikalancello tapıb. İndi kim gözəl at yaratmaq istəyirsə, məcburdur ki, ona oxşatsın. Nə qədər etsən də ondan yaxşısını düzəldə bilməyəcəksən. Atın ən gözəl vəziyyəti bir ayağını qaldıranda olur. Pisləmək istəyənlər hər zaman plagiatlıq iddiası ilə çıxış edəcəklər.
-Uzun müddətdir ki, bu heykəl üzərində işləyirsiniz. Babəki bir də sizdən dinləyək...
-Babək çox gözəl və mərd sərkərdə olub. Dinə qarşı yox, təcavüzkarlara qarşı savaşıb. Yəni ölkəsini təcavüzkarlardan qoruyub. Bura Prezident Adminstrasiyasında bir oğlan gəlmişdi, mənə Babək haqqında xeyli şeylər danışdı. Deyir ki, Babəkin 2 metr yarım boyu olub. Heykəli də çox bəyəndi.
Söhbətimiz ayaq üstə davam edir və biz kombinatın balaca otağına doğru irəliləyirik. Marağımı saxlaya bilməyib soruşuram: "Rəşid bəy, məlumdur ki, belə iri sifarişlər hər dəfə olmur. Dolanışığınızı necə təmin edirsiniz?"
-Bəzən varlı insanlar rəhmətə gedən yaxınlarının şərəfinə heykəl qoydurmaq istəyəndə bizə müraciət edirlər. İldə bir, yaxud iki belə sifariş alanda çörəkpulunu çıxarırıq.
-Qəbirüstü heykəllərin qiyməti nə qədər olur?
-Adamına baxır. Amma təxmini qiymətlər 5 mindən başlayır 20-30 minə qədər davam edir.
Sexin balaca otağındayıq. Burda Babəkin 1 metrlik heykəli var və Rəşid bəy deyir ki, bu da iş prosesində hazırlanan heykəllərdən biridir. Yəni bu cür heykəllərə “keçid heykəllər” deyilir.
-Bu gördüyünüz təsdiq olunan variant deyil. Çox dəyişikliklər olub. Baxın, bunun qılıncı bir az aşağıya doğrudur, amma indi hazırladığımız heykəldə qılınc bir az yuxarıdır. Burda atın başı indikindən fərqlidir, həmçinin bu atın sağ, bizimkinin isə sol ayağı yuxarıdır. Ən birinci versiyada Babəkin əlində məşəl olub, amma sonra o versiya təsdiqini tapmadı.
Bu əsnada yerdə “X” formasında taxta parçaları görüb, onları xəbər alıram:
-Əvvəlcə istədik ki, heykəli gildən hazırlayaq, sonra mən Arif müəllimə məsləhət gördüm ki, gəl gipsdən düzəldək. Çünki qarşıdan yay gəlir, yayda gili saxlamaq çətindir. Həm də qorxdum ki, bizi lap yaddan çıxararlar və bu heykəli saxlamaq mümkün olmaz. Gipslə hazırlanan heykəl isə nisbətən uzun ömürlü olur.
-Gipslə gilin qiymət və əziyyət fərqi varmı?
-Gips daha baha başa gəlir. Həm də əziyyəti çoxdur. Gili isə yeri qazayaraq da çıxarda bilərik. Gildən hazırlanan heykəllərin saxlanması üçün bax, bu “X” formalı taxtadan istifadə edirik. Gipsə isə bu taxtalar lazım olmur.
-Rəşid bəy, Rəssamlıq Akademiyasında dərs deyirsiniz?
-Mən yox, amma Arif müəllim dərs deyir.
-Siz nə əcəb dərs demirsiniz?
-O akademiyanın başında elə bir rektor oturub ki, 90 yaşında da bütün işləri özəlləşdirməklə məşğuldur. Bir heykəl düzəldib, hər dəfə də onun qəlibini çıxarıb təqdim edir, 90-100 mini cibinə qoyur. 90 yaşında da heç kimə aman vermir.
-Sizə sifarişlər necə gəlir?
-Dost-tanış vasitəsilə... Nə Mədəniyyət və Turizm Nazirliyindən, nə Rəssamlar İttifaqından heç bir sifariş almırıq.
Ən acınacaqlı məqam da odur ki, Rəssamlar İttifaqı belə işlərə heç qarışmır. Halbuki bu gördüyünüz ərazilər onların nəzdindədir. Amma ərazilərin əksər hissəsi icarəyə verilib. İcarədən gələn pullar hara xərclənir, heç kim bilmir. Biz 4-5 ay burda –soyuqda, qarda işlədik. Bizə nə su, nə işıq verdilər. Bizim Rəssamlar İttifaqı bax belə fəaliyyətsizdir. Fəaliyyətsizliyin özü də günahdır və hətta deyərdim ki, cinayətdir.
-İttifaqın üzvüsünüz?
-Bəli, üzvüyəm.
-Sizcə, Bakıda ən gözəl heykəl hansıdır?
-“Azad qadın” heykəli. Fuad Əbdülrəhmanovun işidir. Daha sonra Nizaminin heykəlini misal çəkə bilərəm.
Nərmin Muradova