11 May 2016 11:38
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

VHP sədri Sabir Rüstəmxanlı apteklərdə dərmanların baha olmasından şikayətçidir.

Onun sosial şəbəkədə bu mövzuda yazdığı status xüsusi marağa səbəb olub.

S.Rüstəmxanlı qeyd edib ki, Bakıda Füzuli küçəsində bir dərman evi-aptek var: “Almaniyadan gətirilən tibb ləvazimatlarının satıldığı yerdir. Sahibinin kim olduğunu da bilmirəm. Hər kimdirsə, sağ olsun, zəhmət çəkib, saxta ilacların bazarı bağlansın deyə, Almaniyadan, keyfiyyəti şübhə doğurmayan dərmanlar gətirib satdırır. Amma...

Məsələ elə bu əmmadadır!

Bir gün həkimlərin məsləhət gördüyü üç-dörd dərman üçün (təzyiq və xolestrinə qarşı) müraciət elədim onlara. Qiyməti eşidəndə heyrətə gəldim. 250 manat civarında bir rəqəm dedilər. Təcrübəsiz olsam, almaqdan başqa çarəm qalmayacaqdı.

Ancaq bu dərmanları Türkiyədən də almışdım. Nə az, nə çox, ən azı 10 dəfə ucuz. “Bu nə qiymətdir, kim qoyub bu qiyməti?”- soruşanda, “axı bu alman malıdır, keyfiyyətlidir!”-deyə cavab verdilər. Oradan çıxıb bizim öz apteklərimizdən birinə getdim və eyni dərmanları 26 manata aldım.

Bu yaxınlarda başqa bir təzyiq dərmanının bir qutusu üçün yenə o Alman dərmanxanasına 103 manat ödəyəsi oldum. Alternativ olmayanda əlacsız qalırsan.

Bu gün İstanbulda həmin təzyiq dərmanının bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata! Yəni Bakıda satılandan 34 dəfə ucuz! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eni tərkib! İndi görün “Avropa keyfiyyəti” adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf, mürvət, şərəf və ləyaqət vardır, yoxsa yox? Keyfiyyət məsələsini buraxaq həkimlərin öhdəsinə.

Əvvəla mən Türkiyə iş adamlarının və əzcaçılarının öz xalqlarına sevgisinin almanların öz millətlərinə sevgisindən az olduğunu düşünmürəm. Türkiyə texnologiyası da bu gün Avropa texnologiyasından az fərqlənir. Belə olan halda Almaniyadan gətirilib Bakıda satılan dərmanla Türkiyədəki dərman arasındakı bu otuz qatlı fərqə nə ad vermək olar?... İki qat, üç qat, beş qat bahasına sat! Yoxsa, on, iyirmi qat nə deməkdir! Xəstələrin canından qoparılan bu “gəliri” balalarına yedizdirmək olar?”

Cavad


Müəllif:

Oxşar xəbərlər