16 İyun 2016 14:11
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunun Səmədabad kəndində yaşayan Əliyar Soltanovun fermasından oğurluq edilib. Oğurluq hadisəsi ötən il oktyabrın 14-də baş verib.

Əliyar Soltanovun Teleqraf.com-un redaksiyasına göndərdiyi şikayət məktubunda bildirir ki, altı baş iribuynuzlu heyvanı oğurlanıb, ona 5-6 min manat miqdarında ziyan dəyib: “Şikayətlərimin bir nəticəsi yoxdur. Cinayətin üstünü açmırlar. 2-ci qrup əliləm. Mənə dəymiş ziyan ödənilməyib”.

Şikayətçinin sözlərinə görə, Biləsuvar rayon polis şöbəsi işə laqeyd yanaşır: “Mən kənd sakiniyəm. Ailəmi mal-heyvan saxlamaqla, əkin-biçinlə dolandırıram. İnəklərimin oğurlanmasından uzun müddət keçib, amma cinayətkar tapılmayıb. Mənə polis şöbəsində təzyiq göstərilir. Guya Ağcabədi rayonunda 2-3 nəfər heyvan oğrusu həbs edilib. Mən nə bilim ki, mənim heyvanlarımı həmin adamlar oğurlayıb, ya yox... Əslində cinayəti törədən şəxslər istintaqdan yayındırılır”.

Biləsuvar rayon polis şöbəsinin əməliyyatçısı Sabutay (soyadını dəqiqləşdirə bilmədik-H.Z.) Teleqraf.com-a dedi ki, vətəndaş Əliyar Soltanovun fermasında baş verən oğurluğun üstü açılıb. Əməliyyatçının sözlərinə görə, bir neçə rayon polis şöbəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə Ağcabədi rayonu ərazisində zərərsizləşdirilib: “Mütəşəkkil dəstə 40-dan çox epizod üzrə oğurluq əməli törədib. Onlar 7-8 rayon ərazisində oğurluq ediblər. Ona görə də istintaq hərəkətləri cinayəti hadisəsi törədilən rayonların ərazi üzrə polis şöbələrində aparılır. İlkin istintaq Ağcabədi rayonunda başlayıb”.

Əməliyyatçı qeyd edib ki, Biləsuvar rayonunda da həmin iş üzrə istintaq hərəkətləri aparılacaq: “Bu cinayətin açılmaması ilə bağlı Əliyar Abbasov niyə şikayətçidir, bunu bilmək olmur. Onun özü ilə də əlaqə saxlamışıq, mal-qarasını oğurlayan şəxslərin Ağcabədi rayonu ərazisində tutulduğunu bildirmişik. Həmin dəstədən 3 nəfər Biləsuvar rayonunda Əliyar Soltanovun mal-qarasını oğurlayıb. Həm zərərçəkmişin, həm də şahidlərin iştirakı ilə həmin şəxslər dindiriləcək”.

Əməliyyatçının sözlərinə görə, istintaq hərəkətləri zamanı zərərçəkmişə dəymiş ziyan müəyyən olunacaq: “Biz əməliyyatçıyıq, cinayətkarların tutulmasını təmin etmişik. İstintaqın sonunda Əliyar Soltanova dəymiş ziyan müəyyənləşəcək. Cinayəti törədənlər isə məhkəmə məsuliyyətinə cəlb olunacaq”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər