Daxili İşlər Nazirliyi Xaçmazda iş adamının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, İlqar Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub. Iyunun 16-da evində qətlə yetirilən iş adamı İlqar Məmmədov əvvəllər orta məktəbdə müəllim işləyib.
Məlumata görə, sonradan İlqar Məmmədov bizneslə məşğul olmağa başlayıb. Onun Xaçmaz şəhərində bir neçə mağazasının olduğu bildirilir. Bu hadisəyə qədər İlqar Məmmədovun evindən oğurluq edilib. Bir neçə ay bundan əvvəl isə növbəti oğurluğa cəhd olunub. Güman olunur ki, İlqar Məmmədovun evinə gələn naməlum şəxslərin məqsədi oğurluq etmək olub. Ev sahibi ilə rastlaşan oğruların vəziyyətdən çıxış yolu kimi onu öldürdükləri ehtimal edilir.
Məlumata görə, İlqar Məmmədov həyat yoldaşından 3 il əvvəl ayrılıb. Onun bir qızı var və anası ilə yaşayır.
Hacı Zeynalov