28 İyun 2016 11:20
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Balakən rayon sakini, 1966-cı il təvəllüdlü Çingiz Yolçuyev, Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Nofəl Hüseynov, Bakı şəhər sakinləri, 1990-cı il təvəllüdlü Fərid İsmayılov, 1978-ci il təvəllüdlü Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Çingiz Yolçuyev satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib. O, 2015-ci ilin iyun ayının axırlarında Balakən rayonunun Poçtbinə kəndi ərazisində yerləşən meşə sahəsindən axan çaya çimməyə gedərkən orada zibilliyin içərisində bir ədəd sellofan bağlamada ümumi çəkisi 117,79 qram olan narkotik vasitə qurudulmuş marixuananı tapıb.

Çingiz Yolçuyev narkotik vasitəni həmin zibillikdəki kolların arasında gizlədib və daha sonra iyulun 6-da, saat 17 radələrində Balakən rayonunun Bedağar kəndində “Üçmərtəbə” adlanan restoranda tanışları Nofəl Hüseynov, Fərid İsmayılov və Rəşad İsmayılov ilə görüşüb.

Bu zaman Çingiz Yolçuyev həmin tanışlarına qurudulmuş marixuananın qiymətini 800 manata danışıb və pulunu sonradan ödəmək şərti ilə satmağa razılaşıb.

Çingiz Yolçuyev sonra, həmin 117,79 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi meşə sahəsindəki zibillikdən götürüb və “Üç mərtəbə” adlanan restoranın yaxınlığında Nofəl Hüseynova satıb.

Daha sonra həmin gün, saat 19 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Zaqatala şəhəri Faiq Əmirov küçəsində saxlanılan Fərid İsmayılovun idarə etdiyi, Nofəl Hüseynov və Rəşad İsmayılovun sərnişinləri olduğu “Hyundai Azera” markalı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda narkotik vasitələr aşkar edilib.

Zaqatala rayon Məhkəməsinin hökmü ilə Çingiz Yolçuyev 3 il 6 ay, Nofəl Hüseynov 2 il 6 ay, Fərid İsmayılov 2 il, Rəşad İsmayılov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Fərid İsmayılov 250 manat cərimə olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar apelyasiya şikayətlərində cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Onların şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər