Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binanda baş verən yanğınla bağlı həbs olunan şəxslərin məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə sonuncu məhkəmə iclasında vəkillərin verdikləri vəsatətlər müzakirə olunub.
Bildirilib ki, iyunun 28-də keçirilən prosesdə Miryusif Mahmudovun vəkili İlham Həsənova hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi, Uğur Bəşirovun vəkili Cavid Rzazadə çıxışında ibtidai istintaq zamanı iş materialları ilə tanış ola bilmədiyi üçün cinayət işinin istintaqa qaytarılması, Ədalət Rəcəbovun vəkilinin cinayət işinin icraatına xitam verilməsini istəyib.
Vəkillər vəsatətlərin təmin edilməsini istəyiblər. Prokuror Fərid Nağıyev isə vəsatətlərin təmin olunmamasını xahiş edib. Hakimlər müşavirəyə gediblər. Qərar günün ikinci yarısı elan olunacaq.
2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 16 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.
Hacı Zeynalov