Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən İsmət Bəkirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2015-ci ilin noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirov qadağan edilmiş ərazidə siqaret çəkərək yerə atıb. Orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov İsmət Bəkirova yaxınlaşıb iradlarını bildirdiblər.
Bu zaman İsmət Bəkirov üstündə gəzdirdiyi bıçaqla Vüqar Qəmbərovun bel, Şaiq Ağayevin isə qarın nahiyəsindən bıçaqla vurub. Zərərçəkmişlər aldıqları xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər.
İsmət Bəkirov Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. İsmət Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov