Zorlamada təqsirli bilinən Xaçmaz rayon sakinləri – 1995-ci il təvəllüdlü Valeh Xurşudov və 1998-ci il təvəllüdlü Fərid Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Valeh Xurşudov 16 mart 2015-ci il tarixdə, saat 14.00-da radələrində 1998-ci il təvəllüdlü Fərid Həsənovu aldadaraq, 2001-ci il təvəllüdlü Kəmalə Verdiyeva (ad və soyad şərti verilib) ilə əvvəllər də cinsi əlaqədə olduğunu bildirib.
Orta məktəbdə əxlaqsızlıq
Valeh Xurşudov Fərid Həsənovun cəzasız qalacağını vəd edərək ağır cinayətin törədilməsinə cəlb edib. O, Fərid Həsənovla qrup şəkilində cinayət əlaqəsinə girərək Kəmalə Verdiyevanı Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən tam orta məktəbin oğlanlar üçün nəzərdə tutulan ayaqyoluna gətiriblər.
Orada Valeh Xurşudov və Fərid Həsənov Kəmaləyə zor tətbiq edərək, onunla qeyri təbii yolla cinsi əlaqədə olublar.
3 maddəli cinayət işi
Valeh Xurşudov Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 170.3-cü (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə, Fərid Həsənov isə Cinayət Məcəlləsinin 150.2.1, 150.2.3-cü maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh Xurşudov 11il, Fərid Həsənov 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər. Tərəflərin şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb.
“Kəmalə ilə cinsi əlaqədə olmağı təklif etdim”
Təqsirləndirilən şəxs qismində ifadə verən Valeh Xurşudov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, martın 16-da həmkəndlisi Fərid Həsənovla nahar vaxtı həmkəndliləri Kəmalənin onlara tərəf gəldiyini görüb: “Fəridə Kəmaləni ayaqyoluna çəkərək onunla cinsi əlaqədə olmağı təklif etdim. Hətta Fəridə əvvəllər də Kəmalə ilə cinsi əlaqədə olduğumu dedim. Fərid mənə etiraz etmədi və birlikdə ayaqyolunun yaxınlığına gəldik. Kəmalə yanımıza çatanda qolundan tutduq və ayaqyoluna çəkdik. Həmin vaxt Kəmalə qışqırsa da, ətrafda heç kim olmayıb”.
“Bildim ki, bizdən şikayət olunmayıb”
Valeh Xurşudov qeyd edib ki, Fəridlə birlikdə Kəmaləni soyundurublar “Birinci Kəmalə ilə mən qeyri təbii yolla cinsi əlaqədə oldum. Sonra Fərid onunla cinsi əlaqədə oldu. Bu zaman Fəridin əmisi oğlu Həbibulla ayaqyoluna gəldi. Həbibulla bizim hərəkətlərimizi gördü və hərəmizə bir sillə vurdu. Həmin vaxt Kəmalə paltarlarını çəkə-çəkə oradan qaçdı. Bundan sonra bizdə dağılışaraq evimizə getdik. Bir neçə gün gözlədim və bildim ki, bizdən şikayət olunmayıb”.
“Etdiyimiz hərəkəti etiraf etdik”
Təqsirləndirilən şəxs bildirib ki, aprelin 17-də valideynləri ilə birlikdə yaşadığı Alekseyevka kənd orta məktəbinə dəvət olunub: “Həmin vaxt həmkəndlim Fərid Həsənov da valideynləri ilə birlikdə məktəbin direktoru Mirzəşah Mikayılovun xidməti otağına gəldi. Orada həmin vaxt Kəmalə də olub. Kəmalə orada hər şeyi danışdı. Müəllimlər məndən belə bir hadisənin baş verib-vermədiyini soruşdular. Mən və Fərid etdiyimiz hərəkətləri səmimi etiraf etdik”.
Digər təqsirləndirilən Fərid Həsənov da eyni məzmunlu ifadə verib. O, da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
“Məni ayaqyoluna dartaraq apardılar”
Zərərçəkmiş Kəmalə Verdiyeva bildirib ki, hadisə baş verən vaxt Xaçmaz rayon Alekseyevka kənd orta məktəbin 8-ci sinifində oxuyub: Həmkəndlilərim Valeh Xurşudov və Fərid Həsənovu tanıyıram. Onlarla heç bir ədavətim yoxdur. Martın 16-da, təxminən saat 14 radələrində məktəbdə keçirilən “Novruz” bayramı şənliyindən çıxaraq evimizə getmək istədim. Bu zaman məktəbin oğlanlar üçün olan ayaqyolunun yanından keçəndə Valeh Xurşudovla, Fərid Həsənov əllərimdən tutdular və məni ayaqyoluna dartaraq apardılar”.
“Səs-küyə məktəbdə oxuyan oğlanlar gəldilər”
Zərərçəkmişin sözlərinə görə, ayaqyolunda qışqıraraq kömək istəyib: “Amma Valehlə Fərid kömək istəməyimə məhəl qoymadılar. Əynimdən paltarımı çıxardılar. Əvvəl Valeh, sonra da Fərid mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Səs-küyə məktəbdə oxuyan digər oğlanlar gəldilər. Bundan sonra Valehlə Fərid məndən əl çəkdilər. Ağlamağımı görən uşaqlar Valehlə Fəridi döyməyə başladılar. Mən isə paltarlarımı geyinərək oradan evə qaçdım. Əvvəlcə qorxumdan heç kimə heç nə demədim. Amma sonradan bu barədə anama danışdım. Nə isə edə biləcəyindən qorxduğumuz üçün atama heç nə demədik”.
Kəmalə Verdiyeva qeyd edib ki, aprelin 16-da atası onun kövrəldiyini görüb və nə olduğunu soruşub: “Özümü saxlaya bilmədim və baş vermiş hadisəni atama danışdım. Səhəri gün atam anamı məktəbə göndərdi ki, məsələyə aydınlıq gətirsin. Anam evə gəldi və dediklərimin doğru olduğunu atama danışdı. Ona görə də atam ilə birlikdə Xaçmaz rayon polis şöbəsinə gəldik. Atam bu barədə şikayət ərizəsi yazdı”.
Kəmaləyə hədə-qorxu gəliblər
Cinayət işi üzrə şahid qismində dindirilən zərərçəkmişin anası Nərminə Verdiyeva (ad və soyad şərti verilib) bildirib ki, aprelin 16-da Kəmalə evdə ağlaya-ağlaya ona və əri Sadiqə məktəbə getmək istəmədiyini deyib: “Qızımdan məktəbə getmək istəməməsinin səbəbini soruşduq. Bildirdi ki, həmkəndliləri Valeh Xurşudovla Fərid Həsənov onu martın 16-da məktəbin ayaqyolusuna aparıb və onunla arxadan cinsi əlaqədə olublar. Qorxudublar ki, harasa şikayət etsə, Kəmaləni yenidən zorlayacaqlar”.
“Nəsə eşitdiklərini desələr də, dəqiq cavab vermədilər”
Nərminə Verdiyeva qeyd edib ki, aprelin 17-də məktəbə gəlib və məktəbin direktoru Mirzəşah müəllimə şikayət edib: “Direktor dərsi olduğu üçün müavini Məhəmməd müəllimi çağırdı və dedi ki, mənim şikayətim ilə maraqlansın. Məsələni Məhəmməd müəllimə danışdım. Birlikdə Məhəmməd müəllimlə Kəmalənin oxuduğu sinfə gəldik. Uşaqlardan Kəmaləyə qarşı Valeh Xurşudov və Fərid Həsənov tərəfindən hər-hansı hərəkətin edilib-edilmədiyini soruşduq. Qız şagirdlər nəsə eşitdiklərini desələr də, dəqiq cavab vermədilər. Məhəmməd müəllim dedi ki, özləri məsələni araşdıracaqlar. Kəmalə məktəbdə qaldı, mən isə evə gəldim. Evdə Sadiqə dedim ki, İradə düz deyir, sinif yoldaşları da onun dediyini təsdiq etdilər. Kəmalə özü məktəbdən qayıdandan sonra dedi ki, məktəbin direktoru Valeh Xurşudovla Fərid Həsənovu valideynləri ilə birlikdə çağırıb yenidən ondan bu barədə soruşublar və onlar da etdikləri əməli boyunlarına alıblar. Ona görə də ərim səhəri gün Xaçmaz rayon polis şöbəsinə şikayət ərizəsi yazdı”.
Şahid qismində dindirilən Xaçmaz rayonu Alekseyevka kənd orta məktəbinin direktoru Mirzəşah Mikayılov bildirib ki, zərərçəkmiş şəxs Kəmalə Verdiyeva rəhbərlik etdiyi məktəbdə təhsil alır: “Valeh Xurşudov kənd orta məktəbində 6-cı sinifə qədər, Fərid Həsənov isə 10-cu sinfədək oxuyublar. Lakin sonradan təhsillərini davam etdirməyiblər”.
Məktəb direktoru bildirib ki, Kəmalə Verdiyevanın anasının şikayətindən sonra baş verən olaydan xəbərdar olublar. O, qeyd edib ki, araşdırma aparandan sonra zorlama cinayəti üzə çıxıb və bundan sonra baş verən hadisə ilə bağlı məktəbin adından polisə şikayət edilib.
Tərəflərin izahatlarını və şikayətlərini dinləyən hakim heyəti sonda qərara elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Valeh Xurşudovun cəzasını 9 ilə, Fərid Həsənovun cəzasını 5 ilə endirib.
Hacı Zeynalov