30 Avqust 2016 18:20
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 6-a təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi Rayon Polis İdarəsində araşdırılıb.

“General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabutalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar.

Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Vüqar Hüseynov və digər şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər