Ucar rayonunun Lək kəndində anadan olan 1977-ci il təvəllüdlü Zöhrab Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Zöhrab Babayev 1995-ci ildən 2011-ci ilin mart ayının sonuna kimi Rusiyada yaşayıb. O, 12 fevral 2011-ci ildə, saat 22 radələrində həyat yoldaşı Y.Babayevanın adına olan M671 YE 37 RUS dövlət qeydiyyat nömrə nişanlı “Şkoda Fabiya” markalı avtomobili idarə edərkən İvanovo vilayəti, Şuya şəhəri, Lenin küçəsində 1 saylı evin yaxınlığından keçərkən orada səki ilə gedən əvvəllər tanımadığı 1995-ci ildə anadan olan Patrikeyeva Kseniya Ruslanovnanın tək olduğunu görüb. O, rus qızı ilə cinsi əlaqədə olmaq qərarına gəlib.
Bu məqsədlə o, Kseniyaya onu evə ötürməyi təklif edib. Lakin Kseniya onun bu təklifini rədd edib. Bu zaman o, Kseniya Patrikeyevanın qolundan tutaraq onu zorla avtomobilinə otuzdurub.
Rus qızına qarşı zorakılıq
Kseniya onun niyyətini başa düşərək yetkinlik yaşına çatmadığını, 16 yaşı olduğunu, habelə bakirə olduğunu bildirib. Amma Zöhrab Babayev onun etirazına baxmayaraq öz niyyətindən əl çəkməyib.
Zöhrab Babayev qızı avtomobilə mindirəndən sonra qapılarını bağlayıb. O, Kseniya Patrikeyevanı oğurlayaraq İvanovo vilayəti, Şuya şəhəri, Sverdlov küçəsi ev 104 “A” ünvanına gətirib.
O, ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra bundan istifadə edib və Kseniyaya səs salacağı təqdirdə onun üçün pis olacağını bildirib.
Hədə-qorxu və zorlama
O, qızı hədələyərək psixoloji təzyiq göstərib və onu özünün yaşadığı 46 saylı birotaqlı mənzilə gətirib. Orada Zöhrab Babayev öz cinayətkar niyyətini həyata keçirmək üçün Kseniya Patrikeyevaya fiziki təzyiq göstərib, onu pivə və araq içməyə məcbur edib.
Kseniyanın sərxoş olduğunu görən Zöhrab Babayev daha sonra onunla cinsi əlaqədə olmaq qərarına gəlib. O, zorla qızın paltarını soyunduraraq onunla cinsi əlaqədə olub.
Cinayətdən yayınma
Həmin vaxt Kseniya sərxoş olmasına baxmayaraq, Zöhrab Babayevə müqavimət göstərib. Qızın müqavimət göstərdiyini görən Zöhrab Babayev onu döyüb və xəsarət yetirib. Daha sonra o, qızı zorlayıb.
Hadisədən sonra daha orada yaşaya bilməyəcəyini başa düşən Zöhrab Babayev Azərbaycana gəlib. Rusiya hüquq-mühafizə orqanları tərəfindən Zöhrab Babayev axtarışa verilib.
Mühakimə
Uzun müddət axtarışdan sonra Zöhrab Babayev 6 noyabr 2014-cü ildə Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Azərbaycan vətəndaşı olduğu üçün Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməyib və mühakiməsi Azərbaycanda başlayıb.
Zöhrab Babayev Azərbaycan Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 144.3-cü (adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilib. Onun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
“Kseniya evimdə gecələmək istəyib”
Məhkəmədə ifadə verən Zöhrab Babayev bildirib ki, ki, 12 fevral 2011-ci ildə zərərçəkmiş Kseniya Patrikeyeva könüllü olaraq onun idarə etdiyi avtomaşına əyləşib: “Kseniya həmin vaxt gəzişmək istədiyini bildirdi və daha sonra birlikdə ayrı-ayrı yerlərdə olduq. Avtomaşında olmadığım vaxtda mühərriki söndürməmişəm, qapıları kilidlənməmiş avtomaşında qalmışıq. Kseniyanın qapını içəridən asanlıqla açaraq getmək imkanı olsa da, getmək niyyətində olmayıb. Aldığım spirtli içkiləri birgə qəbul etmişik. Kseniya evimə də könüllü gəlib və gecələmək istəyib”.
“Könüllü cinsi əlaqədə olmuşam”
Zərərçəkmiş şəxs Patrikeyeva Kseniya Ruslanovna məhkəmə iclaslarında iştirak etməyib. O, məhkəməyə notariat qaydada təsdiqlənmiş ərizələrlə müraciət edib. Zərərçəkən müraciətində bildirib ki, Zöhrab Babayev barəsində məhkəməyədək araşdırma zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil. O, himayəsində olduğu nənəsinin tənbehindən qorxduğu üçün Zöhrab Babayevin guya onu oğurladığı və zorladığı barədə yalan ifadələr verib: “Həqiqətdə isə Zöhrab Babayevlə könüllü olaraq cinsi əlaqədə olmuşam”.
“Kseniya ağlayaraq “nənə, məni zorlayıblar” sözlərini dedi”
Məhkəmə iclasında Patrikeyeva Lyudmila Gennadyevnanın ifadəsi elan olunub. Şahid istintaqa verdiyi ifadəsində göstərib ki, 30 yanvar 2004-cü il tarixdən nəvəsi Kseniya Patrikeyevanın qəyyumudur: “Kseniyanın dost-tanışlarından yalnız Anya adlı qızı tanıyıram. 13 fevral 2011-ci il tarixdə səhər təxminən saat 10.00-da dərhal Anyanın yaşadığı yataqxanaya getdim. Bloka girən kimi, 5-ci mərtəbənin pilləkənlərində nəvəmi gördüm. Nəvəm Kseniya pilləkənlərdə tək dayanmışdı. Orada başqa heç kəs olmayıb. Kseniyanın rənginin solğun olduğunu gördüm. Üzündən və hərəkətlərindən nədənsə qorxduğu, ağladığı hiss olunurdu. Kseniyadan nə olduğunu soruşdum. Lakin Kseniya çoxsaylı suallarıma cavab vermədi. Küçəyə çıxdıqda Kseniya ağlayaraq yalnız “nənə, məni zorlayıblar” sözlərini dedi. Nəvəm başqa heç nə demədi, milisdə danışacağını bildirdi”.
“Nəvəmin cinsi həyatı olmayıb”
Şahid bildirib ki, onlar dərhal milisə gediblər: “Kseniya yanımda milis əməkdaşına baş verənlər barədə danışmağa utandı, hətta yanımda danışmaq istəmədi. Kseniya dedi ki, onu zorlayıblar, bakirəliyi pozulub”.
Şahid qeyd edib ki, Kseniyanın görüşdüyü oğlan olmayıb: “Nəvəmin cinsi həyatı olmayıb. Onun zorlanması barədə ətraflı məlumatı müstəntiqin yanında Kseniya bu hadisə ilə bağlı izahat verəndə öyrəndim. Həmin vaxt nəvəmin zorlanmasına əmin oldum”.
7 il cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Babayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zöhrab Babayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin Baş prokurorluq da apelyasiya protesti verib. Prokurorluq Zöhrab Babayevin cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Zöhrab Babayevin şikayəti və prokurorluğun protesti təmin edilməyib.
Bu qərardan prokurorluq kasasiya protesti verib. Prokurorluğun protesti Ali Məhkəmədə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılıb və təmin edilməyib.
Hacı Zeynalov