Günün ikinci yarısında Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahiq qismində Tahir Məcidov ifadə verib. O, bildirib ki, Beynəlxalq Bankının Sabunçu filialında xəzinədar işləyib: “Kredit ayrılarkən filialda pul olmayıb, həmin kreditlərlə bağlı sənədləşmə aparılıb, müdir deyib ki, pulu baş idarədən götürəcəklər”.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov ifadə verib. İbrahim Kazımov qeyd edib ki, idarəyə Azad Cavadovun evində odlu silah saxlaması barədə məlumat daxil olub: “Biz də həmin evə gedib axtarış apardıq. Oradan tapança, altı ədəd güllə tapıldı”.
Bundan sonra əməliyyat-axtarış tədbirləri aparılan zaman hal şahidi olan Ulduz Məmmədov ifadə verib. Şahid bildirib ki, Azad Cavadovun evində aparılan axtarışda iştirak edib, evdən silah tapılmasının şahidi olub.
Digər şahid Kamil İbadov bildirib ki, hazırda Beynəlxalq Bankın Sabunçu filialının müdiri işləyir. Onun sözlərinə görə filialda kredit verilən şəxslər oradan pul götürməyiblər.
Proses sentyabrın 7-də davam edəcək.
14.34
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının bu şəkildə aparılmasına etiraz edib.
Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası və müdafiə hüququ pozulur. Daha sonra vəkil məhkəməyə yeni vəsatətlər təqdim edib. Birinci vəsatətdə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsi tələb edilib, mətbuata verdiyi açıqlamada qeyd edilən 5 milyardlıq mənimsəmə açıqlamasına aydınlıq gətirməsi tələb olunub.
İkinci vəsatət Beynəlxalq Bankda Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.
Vəkil daha sonra Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınması barədə vəsatət verib. Vəkil bildirib ki, bank qərəzli olduğu üçün sənədləri təqdim etmir.
Hakim Əfqan Hacıyev vəsatətlərin əsas şahidlərin ifadələri dinlənildikdən və sənədlər tədqiq olunduqdan sonra müzakirə ediləcəyini bildirib.
Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələnin cinayət işi ilə əlaqəsi yoxdur. Dövlət ittihamçısı qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır.
Cahangir Hacıyev isə dövlət ittihamçısı ilə razı olmadığını bildirib. Onun sözlərinə görə, söhbət ittihamda yer alan 211 milyon məbləğin Maliyyə Nazirliyi tərəfindən 5 milyard kimi təqdim olunmasından gedir.
Daha sonra şahid qismində ifadə verən İbrahim Ağayev “İnter Tekstil” şirkətində çalışdığını bildirib: “Müdirim Şakir müəllim tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditlə bağlı sənədlərə imza atmalıyam”.
Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov