9 Sentyabr 2016 15:19
7 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub.

İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər.

Müəyyən edilib ki, həmin şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham edilirlər.

Hər üç şəxs özlərini təqsirli biliblər. Ehtiram Həsənov istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etdiyini bildirib: “Hər şeyi mən etmişəm, mən planlamışam”.

Mübariz Əliyev də istintaqa verdiyi ifadəni təsdiqləyib. Deyib ki, qətl hadisəsinə qoşulsa da, soyğunçuluqda iştirak etməyib.

Sonra Məhnurə Hüseynova ifaqdə verib: “Ehtiram mənim ikinci həyat yoldaşımdı. Əslində sonradan bildim onun düzəltdirdiyi nikah kağızı da saxta imiş. Ehtiramla təzə tanış olanda özünü mənə “polkovnik Həsənov” kimi təqdim etmişdi. Tez-tez zəng edib hal-əhval tuturdu. Qalib müəllimin öldürülməsindən isə mənim xəbərim olmayıb. Ehtiram mənə rəhmətliyin evindən oğurluq təklif etdi. Onunla razılaşmadım. Sonra lotu dostları vasitəsilə qızımı oğurlatdıracağı ilə hədələdi. Razılaşdıq, plana görə mən Qalib müəllimi çölə çıxaracaqdım, onlar da içəri girib onu qorxudub pulları alacaqdılar.

Hadisə günü mən maşında gözlədim, Ehtiramla Mübariz evə girdi. Bir də səhərə yaxın gəldilər. Ehtiramın qorxusundna maşından çıxmamışdım. Gələndən sonra aralarında söhbət oldu. Mübariz Ehtiramdan soruşdu ki, niyə öldürdün onu? Ehtiram dedi ki, o məni tanıdı, ona görə də vurdum”.

Mərhum Qalib Bağırovun qardaşı Elşən Bağırov bildirib ki, qardaşı oğlu ona zəng edib bağ evinə gəlməsini istəyib: “Evə çatanda bildim ki, qardaşımı öldürüblər, meyiti də özüm gördüm”.

Mərhum Qalib Bağırovun iş yoldaşı Sahib Hüseynov hadisə günü baş verənləri belə danışıb: “Qalib müəllim hər gün səhər tezdən işə gəlirdi. Həmin gün gəlmədiyi üçün icraçı direkor Aydın Rüstəmov və növbə rəisi Nadirxan Əliyev Qalib müəllimin evinə getdik. Otaqda yerdə uzanılı vəziyyətdə idi, ev da dağınıq idi. Polisə və təcili tibbi yardıma xəbər verdik”.

Sonda hakim istintaqın tamamlanması barədə qərara qəbul edib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə sentyabrın 16-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər