Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kamran Əzizov ifadə verib.
Kamran Əzizov Suriyada döyüşlərdə iştirak etdiyi üçün məhkum olunub. O, məhkəmədə ifadə verməkdən imtina edib. Hakim ifadə vermədiyi üçün onun barəsində cinayət işi başlanacağı barədə xəbərdarlıq edib. Şahid yenə ifadə verməkdən imtina edib: "Məhkum olunmuşam, 14 il 6 ay cəza almışam, islanmışın yağışdan nə qorxsu? "
Daha sonra zala digər şahid Malik Musayev gətirilib. O da ifadə verməkdən imtina edib: "Mən heç bir ifadə verməyəvəm, suallara cavab verən deyiləm".
13 il 6 ay cəza alan Malik Musayev Suriyaya gedən zaman İncəsənət Unversitetinin 2-ci krs tələbəsi olub.
Hakim xəbərdarlıq edib ki, ifadə verməyəcəyi halda əlavə cinayət işi başlanacaq. Buna baxmayaraq şahid ifadə vermək istəmədiyini qeyd edib.
Hakim bildirib ki, ifadə verməkdən imtina edən şahidlərin barəsində tədbir görülməsi üçün müvafiq quruma müraciət olunacaq. Onun sözlərinə görə, ifadə vermədikləri üçün hər iki şahidə əlavə ittiham elan olunacaq, onları 5 ilə qədər cəza gözləyir.
Proses oktyabrın 3-də davam edəcək.
Təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər.
Müəyyən edilib ki, Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Hacı Zeynalov