Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər üçün təşkil olunmuş seminarın açılışında iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popalı qəbul edib.
Dövlət Komitəsindən Teleqtaf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağını bildirib.
Aydın Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib, təkcə bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan artıq narkotik vasitə-heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırıb. Bu kimi halların qarşısının alınması üçün əməkdaşlığın önəminə toxunan Komitə sədri hər iki ölkənin əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşlarının qarşılıqlı fəaliyyətinin, treninqlərin, seminarların təşkil olunmasının zəruriliyini vurğulayıb.
Əfqanıstanın Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popal ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən qonaq iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Əhməd Rəşad Popal iqtisadi-ticari əlaqələrdən, ticarət dövriyyəsinin həcmindən də söhbət açmış, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan bəhs edib. Qonaq iki ölkə arasında gömrük işi sahəsində nəzərdə tutulan normativ-hüquqi sənədin işlənib hazırlanmasının və gələcəkdə imzalanmasının da zəruriliyindən danışıb.
İlhamə ƏBÜLFƏT