21 Sentyabr 2016 14:14
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin vəsatətləri təmin olunmayıb.

Məhkəmə istintaqı tamamlanıb və prokuror çıxış üçün vaxt istəyib.

Proses sentyabrın 2-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin sürətli şəkildə və həftədə 3 dəfə keçirilməsinə etiraz edib.

O qeyd edib ki, hakimlər tələsik məhkəmə istintaqını yekunlaşdırmaqda maraqlıdırlar.
Hakim Əfqan Hacıyev isə qeyd edib ki, bütün vəsatətlərə cinayət işi materialları təqdiq olunduqdan sonra baxılacaq.

Daha sonra Cahangir Hacıyevin vəkilləri məhkəmə tərkibinə etirazla bağlı vəsatət qaldırıblar. Hakim isə etirazın məhkəmə sədrinin adına yazılmalı olduğunu bildirib.

Sonra cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib.

Cahangir Hacıyev çıxış edərək bildirib ki, bankın sənədləri məhkəməyə gətirilməlidir: "Çünki orda bütün kredit şərtləri göstərilib. Manatın devalivasiyasından sonra müəyyən fərqlər yaranıb. Bu fərqlər də kredit məsələsində mütləq hesablanmalıdır".

Təqsirləndirilənin sözlərinə görə, kreditlərin verilməsi əmrlə yox, İdarə Heyətinin qərarı ilə rəsmiləşdirilir: "Həmin qərar veriləndə isə ora katibin adı yazılır, mənim yox. Burda elə fikir formalaşdırılır ki, mən üç min nəfərin yerinə işləmişəm, qol çəkib kredit paylamışam".


Daha sonra məhkəmədə vəkillər vəsatətlərlə çıxış ediblər.

Cahangir Hacıyevin digər vəkili Aqil Layicov bildirib ki, müxtəlif tarixlərdə Cahangir Hacıyevin həyat yoldaşı və qızı ilə bank arasında səhimlərin alqı-satqısı olub. Yəni, onlara verilən kredit kartlarının borcu bu şəkildə ödənilib. Ancaq Maliyyə Nazirliyi müqavilə şərtlərinə uyğun onlara verilən kredit kartları borclarını qəsdən ləğv etmir, halbuki bunlar ödənilib: "Buna görə də mən Cahangir Hacıyevin ailə üzvlərinin kredit borclarının səhmlərlə əvəzlənməsi haqqında vəsatət qaldırıram".

Cahangir Hacıyev də qeyd edib ki, qızı Leyla Mahmudovanın ümumiyyətlə kredit borcu olmayıb və onun adı ittiham aktından çıxarılmalıdır.

Vəkilin digər vəsatəti Dünyamin Xəlilov və Xəqani Bəşirov adlı şəxslərin məhkəməyə şahid qismində dəvət edilməsi ilə bağlı olub: "Bankdan ayrılan kreditlərin şəxsi məqsədlərə deyil, layihələrə xərclənib. Bu barədə məlumatı Dünyamin Xəlilov da təsdiqləyə bilər. Xarici layihələrə isə Xəqani Bəşirov rəhbərlik edib. Ona görə də bu adamlar işin obyektiv araşdırılması üçün məhkəmədə ifadə verməlidirlər".

Vəkil Fəxrəddin Mehdiyev isə Maliyyə Naziri Samir Şərifovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı Fərid Nağıyev qaldırılan vəsatətlərə münasibət bildirərək, onların təmin olunmamasını istəyib.

Məhkəmə vəsatətlərlə bağlı qərarı günün ikinci yarısında açıqlanayaq.

Hacı Zeynalov


Müəllif: