25 Sentyabr 2016 18:07
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rostov vilayət məhkəməsi Aksay rayon sakini, 74 yaşlı Viktor Maslovanın cinayət əməlinin üstünü açıb. O, 54 il bundan əvvəl kənd soveti sədrini qətlə yetirməkdə təqsirli bilinir.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ədalət məhkəməsi Viktor Maslovu 12 müddətinə həbs edib. O, cəzasını ciddi rejimli islah əmək koloniyasında çəkəcək. Təhqiqat zamanı məlum olub ki, 1962-ci ildə V.Maslov velosipedi ilə kənd soveti sədrinin evinə gəlib və əlindəki ov tüfəngi ilə onun sinəsinə atəş açıb. Zərərçəkən aldığı xəsarətdən yerindəcə keçinib. Maslov eyni zamanda cəsədin yanında olan Novoçerkassk polisinin rəisinə və sürücüsünə üç dəfə atəş açıb. Onlar avtomobilin dəmir kabinəsinin arxasinda gizlənərək xilas ola biliblər. Atışmaya əsas səbəb asayiş keşikçilərinin Maslovu silsilə oğurluqda suçlaması olub.

Cinayət hadisəsindən sonra V.Maslov olay yerindən qaçaraq gizlənib. Onunla bağlı axtarış elan edilib. 2016-ci ilin fevralında isə onun gizləndiyi yer tapılıb. Məlum olub ki, Maslov başqa bir cinayət hadisəsinə görə Ulyanovsk vilayətində cəzaçəkmə müəssisəsində saxlanılır. Svetov soyadlı məhkumun Maslovla zahirən oxşarlığı əməliyyatçıların diqqətini çəkib. Araşdırma zamanı məlum olub ki, Svetov elə Maslovun özüymüş.

Əvvəlki cinayətiylə bağlı həbsdən yayınan Maslov başqa regiona köçərək ad və soyadını dəyişib. Genetik molekulyar ekspertiza nəticəsində onun məhz Maslov olduğu təsdiqlənib. Maslovun günahının sübutuna gəlincə, hadisədən 54 il keçdiyi üçün onu sübuta yetirmək çətin olub. Amma çətin də olsa, üç nəfər şahid tapılıb. Onların köməyi ilə cinayətin kələfi çözülüb. Əlacı kəsilən Maslov özü də sonradan günahını boynuna alıb.

Qeyd edək ki, sovet sədrinin qətli və polis rəisinə atəş açılması Novoçerkaskda baş verən qaynar siyasi-ictimai proseslər fonunda baş verib. O zaman Novoçerkask elektrotikinti zavodunun nümayiş edən fəhlələri güllələnmişdi. Fəhlələr qiymətlərin qalxmasına, mağazalarda yağ qıtlığına, bazarda kartof almaq üçün uzun-uzadı növbələrə etiraz edirdilər. Olay zamanı 26 nəfər öldürülüb, 87 nəfər yaralanıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər