Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı Ramil Salmanov ifadə verib.
Daha sonra hazırda Nardaran hadisələrinə görə həbsdə olan şəxslər - Sahil Rzayev, Niftəli Əliyev və Lətif Əhmədov şahid qismində dindiriliblər.
Onlar ifadələrində bildiriblər ki, ötən il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisə zamanı polis əməkdaşına daş və taxta atmayıblar.
Proses oktyabrın 14-də davam edəcək.
***
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Ramil Ələkbərov ifadə verib.
Ramil Ələkbərov ötən il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinjn qarşısında baş verən aksiya barədə danışıb: "Biz həmin əraziyə gələndə, bir qrup şəxs Sabunçu Rayon Polis İdarəsinin qarşısında aksiya keçiridi. Onlar Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa çıxmasını istəyirdilər. Heç bir xəsarət almamışam. Yalnız qandalımı itirmişəm".
Daha sonra hazırda həbsdə olan şahid Anar Əliyev dinidirilib. Daha sonra həmin hadisələr zamanı saxlanılan və hazırda həbsdə olan Anar Əliyev şahid qismində ifadə verib. O bildirib ki, həmin gün asayişi pozmayıblar, heç kimə daş atmayıblar, Elçin Qasımovun nəyə görə həbs olunduğunu öyrənmək üçün idarəyə gediblər. O, saxlanılan zaman fiziki təzyiqə məruz qaldığını iddia edib.
Anar Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərib ki, 2015-ci ilin aprel ayında “Müsəlman Birliyi” Hərəkatının Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirində iştirak edib, orada Hərəkatın idarə heyətinin sədri Elçin Qasımov, idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovla tanış olaraq həmin gün Hərəkata üzv olub. Lakin Hərəkatda hər hansı vəzifəsi və öhdəliyi olmayıb, bir dəfə də həmin ünvanda “Müsəlman Birliyi” Hərəkatının seminarında iştirak edib. 5 noyabr 2015-ci il tarixdə saat 21 radələrində evdə olarkən “facebook” sosial şəbəkədə Elçin Qasımovun polis idarəsinə aparılmağını öyrənib. O da həbsin səbəbini öyrənmək üçün taksi ilə tək Sabunçu RPİ-nin qarşına gəlib. Orada gözləyən zaman polis əməkdaşları onu tutub idarəyə aparıblar.
Proses günün ikinci yarısında davam etdiriləcək
Hacı Zeynalov