Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış mərhum yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Firuzə Qasımova ifadə verib.
O, bildirib ki, Əziz Kərimzadə ona məxsus obyekti icarəyə götürüb. Daha sonra onun etimadından sui-istifadə edərək pulunu alıb: "10 min manat nağd pul vermişəm. 3 mindən artıq da icarə haqqını ödəmədiyindən borc qalmışdı. Həmin pulun hissə-hissə 6500 manatını qaytardı".
Prokurorun sualını cavablandıran Firuzə Qasımova təqsirləndirilən şəxsə həmin məbləği niyə verdiyini belə izah edib: "Mən ona inanmışdım. Deyirdi, mənə hörmət edəcək. Gürcüstanda 1 milyon yarım dollarlıq evi olduğunu, satıb iş quracağını, daha sonra hazırda təmiri gedən evlərini satacağını deyirdi. Yük maşınlarının olduğunu, Gürcüstana yük daşıdığını bildirirdi. Mən ona inadım".
Təqsirləndirilən şəxs isə irəli sürülən ittihamlarla razı olmayıb. Onun sözlərinə görə, Firuzə Qasımovanın obyektini icarəyə götürüb: "Vəkillik fəaliyyəti ilə məşğul olurdum. İcarə haqqına 1500 borcum var idi. 3 min verəcəyimlə razılaşdım. İttihamda yazılıb ki, guya mən Firuzə Qasımovadan işə düzəltmək adı ilə pul almışam.
Mən nəqliyyat sahəsində vəkil idim. Vakant yer də ancaq sürücülük idi. 70 yaşlı qadını sürücü kimi işə götürəcəkdim?
Mən xahiş edirəm ki, Firuzə xanım düzünü danışsın. Mən pulu borc almışam. Firuzə Qasımova özü faizə pul verirdi. Mənə hörmət edib, faizsiz borc verdi".
Məhkəmə oktyabrın 17-də davam edəcək.
Əziz Kərimzadə dələduzluq yolu ilə 4 vətəndaşdan 60 min manatdan artıq pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Elçin Dadaş oğlu Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Əziz Fərman oğlu Kərimzadə onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Hacı Zeynalov