17 Oktyabr 2016 15:40
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçən prosesdə şahid qismində Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşı Əli Məmmədov ifadə verib.

Əli Məmmədov hadisə baş verəmdən sonra qətl törədilən silahın aşkarlanmasında iştirak etdiyini bildirib: “Silahın atıldığı yerdə olmuşam, silahın tapılması ilə bağlı əməliyyat qrupuna qatılmışam. Silahı taparaq istintaq orqanına təhvil vermişəm”.

Təqsirləndirilən Vüqar Şirinov daha sonra çıxış edərək cinayətkar olmadığını bildirib. O, hadisənin təsadüfən baş verdiyini qeyd edib.

Növbəti proses oktyabrın 24-də davam edəcək.

İttihama görə, qətl hadisəsi ötən il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” çay evində baş verib.

Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov güllələnib.

Çay evinin sahibi Murad Qubadov tanışı Vüqar Şirinova borc pul verib. Bir müddət sonra Murad Qubadov Vüqar Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib.
Pulu qaytara bilməyən Vüqar Şirinov isə ondan vaxt istəyib.

Lakin həmin müddətdə borcu qaytara bilməyib.

Hadisə günü Murad Qubadov yenidən Vüqar Şirinova zəng vuraraq borcunu tələb edəndə, mübahisə yaranıb.

Vüqar Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub, Murad Qubadova 3 atəş açaraq onu qətlə yetirib, hadisə yerindən qaçıb.

Polis əməkdaşları hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngini götüblər.

Vüqar Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb, onlarla vidalaşaraq könüllü şəkildə Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi Rayon Polis İdarəsininin 19-cu polis bölməsinə əməkdaşlarına təhvil verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər