19 Oktyabr 2016 14:05
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş verniş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirən prosesə Ağacavad Məmmədov yenə də qatılmayıb.

Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs ürək çatışmazlığından əziyyət çəkir: "Ağacavad Məmmədov bu xəstəliklə bağlı 10 oktyabr 2016-cı ildə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanada stansionar müalicə alır. Ağacavad Məmmədov sərbəst gəzə bilmir, ürək xəstəliyindən əziyyət çəkir, şəkərli diabet xəstəsidir. Onun dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib. Bununla bağlı məhkəmə təcili tibbi yardım maşını çağırılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, səhhəti yaxşılaşmayıb, vəziyyəti daha da ağırlaşıb. Hakimin göstərişi ilə başqa bir həkim briqadası çağırılıb".

Vəkil müdafiə etdiyi şəxs barəsində komission məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib.

Hakim vəsatəti baxılmamış saxlayıb. Bildirib ki, Ağacavad Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: "Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə ediləcək. Burada mühakimə olunan Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır. Bunu verilən ekspertiza rəyinə əsasən deyirəm. Amma onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə müalicə olunur.

Təklif edirəm ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin".

Daha sonra Ağacavad Məmmədovun vəkili əlavə edib ki, müdafiə etdiyi şəxsin vəziyyəti ağırdır: "Müdafiə etdiyim şəxsin xəstəliyi ilə bağlı məhkəməyə məlumat vermişəm. Onun barəsində həbs qərarının dəyişdirilməsi qanunsuzdur. Hakimin həbs qərarının dəyişdurilməsi ilə bağlı təklifi qərəzlidir".

Dövlət ittihamçısı Fərid Nağıyev hakimin Ağacavad Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib.

Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, mühakimə olunan şəxsin barəsində həbs qərarının çıxarılması düzgün deyil: "Ağacavad Məmmədovun vəkilinə vaxt verilməlidir. Vəkil də müdafiə etdiyi şəxsin xəstəliyi ilə bağlı məhkəməyə möhürlü sənəd təqdim edə bilsin".

Digər vəkillər də həbs qərarı ilə bağlı hakimin təklifinin əleyhinə çıxış ediblər.

Təqsirləndiriləm Miryusif Mahmudov bildirib ki, Ağacavad Məmmədovun həbs edilməsinin əleyhinə olub: "Adam bu yaşında psixoloji təsirlərə məruz qalıb. Ağacavadın barəsində çıxarılan qərarı xəstəxanaya aparılsa, onun ürəyi dayanacaq. Bu da daha ağır nəticələrə səbəb olacaq.

Məlum hadisələr baş verəndə 11 nəfər barəsində cinayət işi başlandı. Sonradan bu işi iki icraatda araşdırdılar. Digər icraatda olan cinayət işi üzrə mühakimə olunan "TNH" şirkətində tikinti işləri üzrə direktor müavini Nüsrət Muxtarov təcridxanada vəfat etdi. Allah-tala bizi yavaş-yavaş "azadlığa" qovuşdurur. İndi növbə mənimdir. Nə etməliyəm ki, xəstə olduğumu biləsiz. Günahsız yerə mühakimə olunuruq. Günahsız insanın mühakimə olunması daha acınacaqlıdır.

Ağacavad Məmmədov da günahsız yerə mühakimə olunur. Bu gün bir günahsız insan barəsində həbs qərarı çıxarmaq istəyirsiz".

Digər təqsirləndirilən şəxslər də Ağacavad Məmmədovun həbsi ilə bağlı təklifi dəstəkləməyiblər.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Ağacavad Məmmədovun qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul ediblər.

Proses oktyabrın 24-də davam edəcək.

İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər