Bu gün Şirvan Apelyasiya Məhkəməsində Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə təxirə düşüb.
Teleqraf.com xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrlik etdiyi prosesin təxirə salınmasına səbəb Rüfət Səfərovun prosesə gətirilməməsi olub.
Məhkəmə noyabrın 17-ə təyin edilib
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalaraq apelyasiya şikayəti verib, bəraət hökmünün çıxarılmasını istəyib.
Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.
Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.
Hacı Zeynalov