Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Aygün Babaşovanın apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Aygün Babaşovanın şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aygün Babaşova apelyasiya şikayəti verib. O barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İttiham aktına əsasən, Aygün Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib.
O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq. Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb.
Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.
Aygün Babaşova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov