7 Noyabr 2016 23:39
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə terror aktları daha da artacaq”

“HDP-li deputatların həbsini Türkiyənin birliyi, bütövlüyü və sabitliyi baxımından çox mənfi hal kimi dəyərləndirirəm. Ona görə ki, bu adamlar Türkiyə Böyük Millət Məclisinin xalq tərəfindən böyük səs çoxluğu ilə seçilmiş legitim millət vəkilləridir. Türkiyənin mövcud durumunda onlara qarşı tədbirlər görülməsi bu işin tamamilə siyasi xarakter daşıdığının göstəricisidir”.

Bunu Teleqraf.com-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev deyib.

HDP-dən olan deputatların həbsini şərh edən konfliktoloq qeyd edib ki, işin hüquqi tərəfləri də var. Belə ki, HDP-li deputatlar prokurorluqda ifadə verməyə getməyiblər:

“Amma onların bu cür, yəni gecəyarısı evlərinin qapısını sındırmaqla həbsə atılmaları Türkiyənin beynəlxalq imicinə və onun daxili demokratiyasının inkişafına, Türkiyənin dünyada tutduğu yerinə, NATO ölkəsi olmasına uyğun deyil”.

E.Mehdiyev qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın etdiyi hərəkətlərin bir çoxu Türkiyə konstitusiyasına ziddir: “Çünki Türkiyə konstitusiyasında prezidentə bu cür səlahiyyətlər verilməyib. O, faktiki olaraq həm baş nazirdir, həm də prezidentdir. Ərdoğanın atdığı addımlar onu dünyada faktiki olaraq yarıizolyasiya vəziyyətinə gətirmişdisə, 15 iyul çevrilişindən sonra atdığı addımlar tam izolyasiyaya gətirib. Bu fonda, bu mühitdə o, daxili siyasi hesablarını da çürüdür və öz rəqiblərini sıradan çıxarmağa çalışır. Mən hesab edirəm ki, növbəti mərhələdə CHP-li deputatlar hədəfdə olacaq. Çünki, hadisələrin gedişi bu istiqamətdədir”.

Qeyd edək ki, bir neçə il öncə Türkiyədə kürd probleminin siyasi yolla həllini nəzərdə tutan “kürd açılımı” planı hazırlanmışdı. HDP-li deputatların həbsindən sonra bu planın iflasa uğradığını söyləmək mümkündürmü? E.Mehdiyev bu suala cavab olaraq deyib: “Kürd açılımı Ərdoğanın dediyi kimi artıq buz dolabına qoyulub. Yəni, yaddan çıxarılıb. “Kürd açılımı”nın siyasi qanadı olan Türkiyə parlamentində təmsil olunan deputatları həbsə atırsansa bu o deməkdir ki, proseslər dinc yolla getməyəcək və radikal kürd birləşmələri problemin sadəcə zorakılıqla aparılmasına üstünlük verəcəklər. Çünki siyasət aparan qüvvələr həbs edilirsə məsələni zorakı yolla həll etməyə çalışanların dilləri indi daha uzun olacaq”.

E.Mehdiyev qeyd edib ki, əgər siyasət susursa, növbə zorakılığa yetişir: “Keçən ilin iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə seçkilərdə AKP 2002-ci ildən bu yana ilk dəfə olaraq təkbaşına hökumət qurmaq üçün yetərsay əldə edə bilmədi. Bundan sonra Türkiyə iqtidarı hərbi əməliyyatlara daha çox baş vurdu. Sonra parlamentdə dördüncü partiya olan HDP-nin rolunu çox azaltdı. İndi isə onları həbsə atırsa, onların çağırışlarını tamamilə qulaqardına vurursa, tanımırsa o zaman kürd millətçiliyinin ifadəsi kimi ancaq silahlı qüvvələr çıxış edəcək. Çünki HDP-lilər kürd millətindən olsalar da bütün məsələlərin parlament daxilində həll olunmasının tərəfdarı idilər. Bir daha qeyd etmək istəyirəm ki, həmin millət vəkillərinin parlamentdə olması və orda siyasət aparması Türkiyənin birliyi və bütövlüyü üçün aparıcı amil idi. Onları həbs etməklə bundan sonra zorakılığa daha çox yol açılacaq. Mən hesab edirəm ki, bundan sonra Türkiyədə terror aktları artacaq. Onsuz da çox idi, indi daha geniş miqyas alacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər