Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.
Vəkil əlavə şahidlərin dindirilməsi haqqında vəsatət qaldırıb. Hakimlər vəsatəti baxılmamış saxlayıb. Daha sonra hakim Mehriban Hüseynovaya ifadə verməyi təklif edib. Mehriban Hüseynova hazırkı mərhələdə ifadə verməkdən imtina edib. O, ifadə verməyə hazırlaşmaq üçün vaxt istəyib.
Proses noyabrın 22-də davam edəcək.
Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də 73 yaşında dünyasını dəyişib.
Hacı Zeynalov