Baş Prokurorluq sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və digər vəzifəli şəxslərin barəsində cinayət işinin başlanması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, bəzi KİV-lərdə guya dövlət ittihamçısı Fərid Nağıyev məhkəmədə çıxışı zamanı Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasını bildirməsi barədə informasiyalar yayılıb.
“Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, dövlət ittihamçısı Fərid Nağıyev tərəfindən belə fikir səsləndirilməyib. Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir. Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Əli Abbasov və digər şəxslər barəsində cinayət işi başlanması barədə məlumat yayılıb. Həmin məlumat Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digər şəxslərin cinayət işi üzrə keçirilən prosesdə çıxış edən prokuror Fərid Nağıyevin adından açıqlanıb.
Hacı Zeynalov