5 Yanvar 2017 16:42
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfər müştərinin milyonlarla manat pulunu mənimsəməsi ilə bağlı işə yenidən Ali Məhkəmədə baxılacaq.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Zal Yusifovun atası Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin qərarından üçüncü dəfə Ali Məhkəməyə şikayət edib.

Onun şikayəti hakim İlqar Hüseynovun icraatına verilib. Məhkəmə baxışı aprelin 1-nə təyin edilib.


Zakir Yusifovun növbəti dəfə məhkəməyə şikayət etməsinə cinayət işi üzrə adı keçən zərərçəkmişlər narazılıq edir. Onlar bildirirlər ki, Zakir Yusifov müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlakın hərraca çıxarılmasına mane olur.

Zərərçəkmişlər qeyd edirlər ki, Zakir Yusifovun oğlu Zal Yusifov onların külli miqdarda pullarını mənimsəyib. Dələduzluq yolu ilə əllərindən alınmış pulların geri qaytarılması üçün 9 ildir məhkəmələrin qapısında sürünürlər.
Zal Yusifovun yaşlı atası zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə imkan vermir.

Qeyd edək ki, Zal Yusifov 8 il əvvəl - 2008-ci ildə həbs olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atasının Azərbaycan qanunlarına, haqq-ədalətə məhəl qoymaması, müxtəlif dolandırıcı üsullara, fırıldaqlara əl atmasıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb.

Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib.

Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib. Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib.

Zakir Yusifov Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub. Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib.

Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət etməyib. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur. Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı rəsmi şəkildə ifşa edilib.

Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov yenə də öz əməllərindən qalmayıb. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Zakir Yusifov şikayətində göstərib ki, guya məhkəmə proseslərindən iştirak etməyib. O, məhkəmə proseslərində iştirak etmədiyi bəhanəsi ilə Ali Məhkəmədə qərarı dəyişdirmək məqsədi güdür. Belə hərəkətləri ilə Zakir Yusifovun bir məqsədi var - məhkəmənin yekun qərarını uzatmaq...

Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi nümayəndəsi bütün məhkəmə proseslərinə qatılıblar. Onun və nümayəndəsinin iştirakı olmadan bir dəfə də proses keçirilməyib.

Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi. Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini təxirə salmışdı.

Zakir Yusifov 2015-ci ildə də eyni oyuna əl atmışdı. O, 2015-ci ilin yay aylarında kasasiya şikayəti vermişdi. Həmin vaxt şikayət hakim Fərhad Kərimovun icraatına təqdim olunmuşdu. Sonradan naməlum səbəblərdən Zakir Yusifov şikayətini geri götürmüş, noyabr ayında isə yenidən tələsik şikayət vermişdi.

Ötən ilin iyunun 8-də də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov kasasiya şikayətini geri götürdüyünü açıqlayıb. O, bildirib ki, kasasiya şikayətinə bəzi əlavələr edəcək və bundan sonra yenidən kasasiya şikayəti verəcək. Növbəti prosesi isə oktyabrın 5-də keçirilib. Həmin gün də heç bir səbəb olmadan Zakir Yusifov yenidən kasasiya şikayətini geri götürməklə növbəti dəfə vaxt qazanmağa, dəyən ziyanın ödənilməsinə mane olmağa çalışıb.

Elə buna görə də neçə illərdir məhkəmə prosesi davam edir. Ancaq bu adam anlamır ki, sonsuzadək belə davam edə bilməz. Gec-tez zərərçəkənlərə dəyən ziyan ödənməlidir. Çünki əmlakların Zakir Yusifova deyil, Zal Yusifova məxsus olduğu artıq təsdiqlənib. Zakir Yusifov vaxtı uzatmaqla əmlakların özündə saxlamağa çalışsa da, bu, baş tutumayacaq...

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər