Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Faiq Hümbətov ifadə verib.
O bildirib,"Aztelekom" MMC-nin Şamaxı qovşağında rəis işləyib: "İstintaqa ifadəmi vermişəm, ifadəmi təsdiqləyirəm".
Şahid qeyd edib ki, 2012-ci ildən sonra iki kənddə rabitə işləri görülüb. Görülən işlər üçün 80 min manat alınıb: "Həmin pullar da işlərə sərf olunub. Bu nə məbləğdir ki, ondan mənə də qalsın?.. Bizə qalan yeyib-içmək olub. Amma pul qalsaydı, yaxşı olardı".
Ziddiyyətlər olduğundan şahidin istintaqa verdiyi ifadəsi elan edilib. O, istintaqa bildirib ki, nazir Əli Abbasov rayona gəlib: "Nazirin göstərişi ilə rayonda rabitə işləri üçün vəsait ayrılıb. İş görüləndən sonra 3 min manat qalıb, onu da xərcləmişəm".
İfadəsini təsdiqləyən şahid bildirib ki, həmin məbləği ödəyib.
Daha sonra şahid Yaqub Cəfərov ifadə verərək deyib ki, "Aztelekom"da təchizat şöbəsinin rəisi işləyib: "İstintaqda materilların alınması ilə bağlı suallar verilib. Cavabda demişəm ki, qovşaqların özləri qanuni qayda ilə işləri görüblər, biz də nəzarət etmişik".
Yaqub Cəfərov qeyd edib ki, görülən işlər üçün avadanlıq xaricdən alınıb. Suallara cavabda şahid deyib ki, nazirliyin elan etdiyi tenderlerdə qalib gələn MMC rəhbəri Seymur Quluzadənin nazirlikdə kimin adamı olmasını bilməyib.
Bu zaman arayış verən Məhəmməd Məmmədov bildirib ki, Yaqub Cəfərov rayon qovşaqlarının keçirdiyi katirovkalarda iştirak etməyib: "Avadınlıqlar təchizatın saxlancına daxil olub, lazımı səviyyədə hazırlandıqdan sonra adiyyəti rayona göndərilib. Bununla bağlı göstərişi də mən vermişəm".
Digər şahid Ədalət Hüseynov bildirib ki, "Aztelekom"un Qazax filialınln müdiri işləyib: "Katirovkaları baş idarə keçirirdi, işləri də özləri görürdü. Bunların bizə adiyyəti yoxdur".
Şahid Səbuhi Hüseynov ifadəsində deyib ki, Tovuz rayon telefon qovşağının rəisi vəzifəsində işləyib.
Prokurorun suallarını cavab verən şahid bildirib ki, qovşağa ayrılan pullardan "Aztelekom" MMC-nin hesabına ödəmələr olmayıb. Şahidin məhkəmədəki ifadəsi ibtidai istintaqa verdiyi ifadə ilə ziddiyyət təşkil edib.
Buna görə də prokuror istintaq ifadəsini elan edib.
Bundan sonra şahid ifadəsini xatırladığını deyib və deyilənləri təsdiqləyib. Bildirib ki, "Aztelekom"un hesabına ayda 5 min manat pul ödənilirdi: "Bu, abunəçilərdən yığılan pullar idi"
Məhəmməd Məmmədov da bəzi qovşaqlardan ayda 5000 manat alındığını təsdiqləyib, qeyd edib ki, bu, kredit pulları idi: "Amsterdam şəhərindən kreditlə avadanlıq alınmışdı. Bu kreditin ödənilməsi üçün internet abunəçilərindən daxil olan pullardan qovşaqlar rəsmi qaydada hər ay pul ödəyirdi. Bununla bağlı qovşaqlara rəsmi məktub göndərmişdi".
Şahid Hafiz Qurbanov deyib ki, Goranboy rayon telefon qovşağının rəisi vəzifəsində işləyir. O, ibtidai istintaqa ifadəsini təsdiq edib.
Daha sonra hakimlər məhkəməyə gəlməyən şahidlərin məcburi gətirilməsi haqqında qərar verib.
Proses yanvarın 25-də davam edəcək.
Hacı Zeynalov