İmişli rayonunda mağazadan külli miqdarda qızıl oğurlanıb. Teleqraf.com xəbər verir ki, hadisə ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birində qeydə alınıb.
Həmin gün mağazadan 3 kiloqram qızıl əşyaları oğurlanıb. Mağaza sahibi baş verən oğurluq hadisəsi ilə bağlı İmişli rayon polis şöbəsibə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
İsmayıl Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.
Məlumata görə, oğurluğu törədənlər həmin qızılın yarısını sataraq xərcləyiblər. Elə qızılın satılması polislərin izə düşməsinə səbəb olub.
Yanvarın 19-da İsmayıl Əmirov qızıldan satan zaman həbs edilib.
Cinayətin digər iştirakçısının adı istintaq sirri olduğu üçün açıqlanmır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov